www.science.az
14.12.2015 12:17

Azərbaycanlı alimlərin məqalələri top siyahıya liderlik edir

Akademiklər Cəlal Əliyev, İradə Hüseynova və biologiya üzrə fəlsəfə doktorları Durna Əliyeva və Ələmdar Məmmədov tərəfindən Plant Physioliology and Biochemistry (PPB)  jurnalında dərc olunan “Torpaq quraqlığının təsirinə məruz qalmış yerli buğda növlərində superoksid dismutaz izoformların lokalizasiyası və reaksiyaları”; 2014 Aug; 81: 54-60)” və Photosynthesis Research (PR) jurnalında dərc olunan “Uzunmüddətli torpaq quraqlığına məruz qalmış buğda sortlarının yarpaq və köklərində hidrogen peroksid generasiyası və antioksidant ferment aktivliyi”.  2015 Aug; 125(1-2):279-89)” adlı məqalələr bu sahə üzrə çap olunan məqalələrdən seçilən 20 top siyahıda I və II yerləri paylaşır.

Bununla bağlı  Məqalələr haqda Ödənişsiz Məlumat Xidmətinin təmsilçisi Keri Ernstdən məlumat daxil olub. Top siyahı dünyanın çox nüfuzlu yüksək impakt faktora malik jurnallarında çap olunan məqalələrdən seçilib.

“Plant Physioliology and Biochemistry”  jurnalı Avropa Bitki Bioloqları və Fransa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının  rəsmi jurnalıdır, nüfuzlu “Elsevier” nəşriyyatında çap olunur və 2.756 impakt faktora malikdir. “Photosynthesis Research” jurnalı isə Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin rəsmi junalıdır, impakt faktoru 3.502 olmaqla “Springer” nəşriyyatında çap olunur.

Qeyd edək ki, Azərbaycan alimlərinin məqalələri uzunmüddətli torpaq quraqlığının təsirinə məruz qalmış buğda genotiplərinin fotosintetik aparatında və antioksidant müdafiə sistemlərində baş verən dəyişikliklərin  tədqiqinə həsr olunub. Alınan nəticələr qısa müddətdə tədqiqatçıların diqqətini cəlb edib və artıq bu işlərə nüfuzlu beynəlxalq jurnallarda istinadlar olunub.

Bütün tədqiqatlar AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda aparılıb. Azərbaycan alimlərinin iki məqaləsinin top siyahıda yer alması elmimiz üçün əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir