www.science.az
14.12.2015 12:11

Akademik Akif Əzizov orta məktəb şagirdlərinə ilk nümunəvi dərs tədris edib

Dekabrın 10-da  Bakı şəhərindəki Texniki Humanitar Liseydə  Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ilk nümunəvi dərs tədris edib. Nümunəvi dərslər Təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilib. Azərbaycan  Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əldə olunmuş razılaşmaya əsasən  dərsləri AMEA-nın tanınmış alimləri tədris edəcəklər.

Akademik  Akif Əzizov Texniki Humanitar Liseyin kimya laboratoriyasında 9-cu sinif şagirdlərinə kimya fənni üzrə nümunəvi dərs tədris edib, şagirdləri maraqlandıran sualları cavablandırıb. Akif Əzizov ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayıb.                       

Akif Əzizov ölkəmizdə  təhsillə elmin inteqrasiyasından danışıb, “Elmdən Təhsilə” adlı məqsədli proqramın əhəmiyyətini vurğulayıb. Akademik məktəblilərin elmə marağının artırılmasının, elm və təhsilin vəhdətinin, yüksək elmi biliyə malik kadrların yetişdirilməsinin vacibliyini xüsusi qeyd edib. Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən Akif Əzizov son illər ölkəmizdə neft-kimya sənayesinin sürətlə inkişaf etdyini, yeni və müasir istehsal sahələrinin yaradılması prosesinin geniş vüsət aldığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir