www.science.az
12.12.2015 15:57

Elm xadimləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on iki il keçir. Ulu öndər Heydər Əliyev öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, ulu öndər, ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı kimi qalmışdır və qalacaqdır.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər il olduğu kimi, ulu öndərin vəfatının on ikinci ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri Fəxri Xiyabanda ümummilli liderin xatirəsini dərin ehtiramla yad edirlər.

Dekabrın 12-də AMEA Rəyasət Heyətinin üzvləri, institut və təşkilatlarının rəhbərləri Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Elm xadimləri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir