www.science.az
11.12.2015 09:13

Azərbaycan geologiya elminin görkəmli nümayəndəsi

Azərbaycanın məşhur geoloqu, geologiya-mineralogiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı kadrların yetişməsində böyük xidmətləri olmuşdur. 

Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də Cənubi Azərbaycanın Sərab qəzasında (İran) anadan olmuşdur. Uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş, peşə məktəbində, neft texnikumunda əldə etdiyi biliklər onu 1930-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə gətirib çıxarmışdır. İnstitutun ictimai həyatında fəallığı, qabiliyyət və bacarığı ilə seçilən Ş.Mehdiyev rəhbərliyin diqqətini cəlb etmiş, ona elə ikinci kursdan “Ümumi geologiya” və “Kristolloqrafiya kursu”ndan mühazirələr oxumağına icazə verilmişdir. Azərbaycan və rus dillərində sərbəst mühazirələr oxuyan Ş.Mehdiyevin tələbə ikən ən böyük xidmətlərindən biri P.Suşinskinin “Kristalloqrafiya kursu” kitabını tərcümə etməsi olmuşdur. O, Azərbaycan Pedaqoji İnstitutunda da (indiki Azərbaycan Pedaqoji Universitetində) kristalloqrafiya fənnindən Azərbaycan bölmələrində mühazirələr oxumuşdur.

Ş.Mehdiyevin gənclik və tələbəlik illərinin ilk çağlarında deputat seçilməsi də ona dövlətin və ictimaiyyətin yüksək etimadı ilə bağlı idi. 1936-cı ildən Pirsaat və Neftçala neft mədənlərində geoloq kimi fəaliyyətə başlamış Ş.Mehdiyev az sonra Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna baş geoloq və direktor müavini vəzifələrinə təyin edilmişdir. Bu məsuliyyətli vəzifələri daşıyan Ş.Mehdiyev elmi-tədqiqat işləri ilə daha ciddi şəkildə məşğul olmaq üçün İ.M.Qubkin adına Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) aspiranturaya daxil olur. Elmi-tədqiqat işlərini sistemləşdirdiyi ilk illərdə - 1939-cu ildə SSRİ Geologiya Mərkəzi tərəfindən Azərbaycan Geologiya Fonduna və Azərbaycan Geoloji Birliyinin Abşeron Geoseysmik Partiyasına rəis təyin olunur. Bu illərdə apardığı tədqiqatlar nəticəsində Azərbaycanda neftin əmələ gəlməsi və neft yataqlarının yaranması problemləri ilə bağlı yeni elmi nəticələr əldə edir. İkinci Dünya müharibəsi başlayanda aspirant, tədqiqatçı, baş geoloq, iki ictimai vəzifənin daşıyıcısı, neft mütəxəssisi kimi arxa cəbhədə daha çox lazım olsa da, ön cəbhəyə yola düşür. Müharibənin ilk ilini Qara dəniz qrupunda, 4-cü Ukrayna cəbhəsində döyüşən Ş.Mehdiyev şərəfli əsgər taleyi yaşamışdır. 1944-cü ildə neftçi-geoloq Şəfaət Mehdiyev gərəkli kadr kimi Vətənə göndərilmiş, 1945-ci ildə “Abşeron yarımadasının neft yataqlarının geotermiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Geologiya İnstitutunun Elmi Şurası və SSRİ Elmlər Akademiyası tərəfindən yüksək qiymətləndirilən tədqiqat işinin istehsalata tətbiqinə də icazə verilmışdir. O, dissertasiyanı müdafiə etdikdən sonra Geologiya İnstitutunda elmi işçi vəzifəsinə təyin olunmuşdur. Şəfaət müəllim Böyük Vətən müharibəsi dövründəki xidmətlərinə görə “Almaniya üzərində qələbə” və “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyinə görə” medalları ilə təltif olunmuşdur.

Ş.Mehdiyev 1950-ci ildə “Lənkəran vilayətinin geoloji quruluşu və neftlilik perspektivliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyası müdafiəsindən sonra Geologiya İnstitutunun Neft yataqlarının geologiyası laboratoriyasına rəhbərlik etmiş, Abşeron yarımadasında yerləşən neft yataqlarının aşkar olunması, öyrənilməsi ilə bağlı elmi nəticələri əldə etməklə yanaşı, laboratoriyanın əməkdaşlarının da iş prinsipini və istiqamətlərini müəyyən etməklə geologiya elminin inkişafına əvəzsiz xidmətlər göstərmişdir. Elmi əsərləri, monoqrafiyaları, dərslik və dərs vəsaitləri ilə gənc geoloqların yetişdirilməsinə töhfələr verən görkəmli alim Bakı Dövlət Universitetində “Neft və Qaz Geologiyası” və “Ümumi geologiya” kafedralarına rəhbərlik etməklə yanaşı, həm də bu kafedraların qurucusu olmuşdur.

Ş.Mehdiyev 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna direktor təyin edilmış,1955-ci ildə Azərbaycan Elmlər Akademiyasına (indiki AMEA) müxbir üzv, 1958-ci ildə isə həqiqi üzv seçilmışdir. Şəfaət Mehdiyev 1958-1965-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur.

Neft və qazın geologiyası və geokimyası sahəsində Ş.Mehdiyev neftçi-geoloqların Azərbaycan məktəbinin əsasını qoyanlardan biri olmuşdur. EA-nın Geologiya İnstitutunun “Neftin mənşəyi və böyük dərinliklərin neft-qazlılıq problemləri” laboratoriyasına rəhbərlik etmiş akademik neftin mənşəyinin dərinlik-biogen nəzəriyyəsinin müəllifidir. O, Azərbaycan ərazisinin termal sularının və bitumlu süxurlarının sənayedə istifadəsinin vacibliyini elmi cəhətdən əsaslandırmış, neft geologiyası elminin bir sıra aktual problemlərini tədqiq etmişdir. O, Azərbaycan geoloqlarından plitə tektonikası nəzəriyyəsinə də diqqət göstərən ilk alim olmuşdur. Akademik Ş.Mehdiyev çoxlu sayda geoloji atlasların, müxtəlif miqyaslı xəritələrin, Azərbaycanın geologiyası və neft-qazlılığı üzrə fundamental monoqrafiyaların məsul redaktoru və müəllifi olmuşdur. “Azərbaycanda neftin əmələ gəlməsi və neft-qaz yataqlarının yaranması” və “Neftin genezisi və neft-qaz yataqlarının əmələ gəlməsi problemləri” monoqrafiyaları ona dünya şöhrəti qazandırmışdır. Görkəmli alim “Azərbaycan SSR-in neft-qaz yataqları və perspektiv strukturları xəritəsi”nə görə 1988-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.

Akademik Ş.Mehdiyev geologiya elminin tarixi üzrə Beynəlxalq Komissiyanın müxbir üzvü, SSRİ Elmlər Akademiyasının Neft və Qazın Geologiyası və Geokimyasına dair Qafqaz və Zaqafqaziya üzrə Regional Komissiyanın Elmi Şurasının sədri olmuşdur.

Ş.Mehdiyev Azərbaycan elmi tarixində “Vulkan püskürmələri paylanmasının məkan-zaman qanunauyğunluğu” kəşfinin həmmüəlliflərindən biridir. 70-dən çox elmlər doktoru və namizədi hazırlamışdır. 400 elmi əsərin, o cümlədən 40 monoqrafiyanın müəllifi idi.

Akademik Ş.Mehdiyev elmi və ictimai fəaliyyətdəki xidmətlərinə görə “Azərbaycanın əməkdar elm xadimi”, “SSRİ-nin fəxri neftçisi” və “SSRİ qaz sənayesinin fəxri işçisi” adlarına, “Şərəf” nişanı, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenlərinə, müxtəlif medallara, həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüş, Ümumdünya Sülh Şurasının, Sovet İttifaqı Sülhü Müdafiə Komitəsinin, Neft Sənayesi Nazirliyinin fəxri fərmanları, “S.Vavilov” adına medalla təltif olunmuşdur.

Dünya şöhrətli neftçi-alim həm də gözəl publisist qələmə malik idi. Onun bu səpkidə yaradıcılığı dörd pyesdə, bir çox hekayələrdə, miniatürlərdə, publisistik məqalələrdə və şeirlərdə öz əksini tapmışdır. “Mirzə Fətəli”, “Ərk qalası”, “Vicdan yükü”, “Sabir” kimi pyesləri, “Su pərisi”, “Rüşvət ustası”, “Keçi əhvalatı”, “Falçının məsləhəti”, “Dələduz” və s. onlarca hekayələri ona geniş oxucu rəğbəti qazandırmışdır.

Akademik Şəfaət Mehdiyev 1993-cü il dekabrın 15-də - anadan olduğu gündə dünyasını dəyişmışdir. Vəfatından sonra ümummilli lider Heydər Əliyevin fərmanı ilə Bakı şəhərinin Yasamal rayonundakı küçələrindən birinə onun adı verilmiş, yaşadığı evin fasadına xatirə lövhəsi vurulmuş, Bakı Dövlət Universitetinin və Azərbaycan Neft Akademiyasının (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji fakültələrində oxuyan tələbələrə “Akademik Ş.Mehdiyev adına təqaüd” təsis edilmişdir.

Şəfaət Mehdiyevin xatirəsi onu tanıyanların və tələbələrinın yaddaşında əziz tutulur, həyat yolu, elmi yaradıcılığı geoloqlara örnək olaraq qalır.

Fəxrəddin QƏDİROV, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik

"Azərbaycan" qəzeti, 11 dekabr 2015-ci il