www.science.az
10.12.2015 17:45

Yer Elmləri Bölməsinin iclasında Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənildi

Dekabrın 10-da AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdi.

Sonra RSXM-ın baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məkəzin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə  RSXM-in 5 əməkdaşının fəxri ad və medallarla təltif olunduğunu diqqətə çatdırdı.

Mərkəz direktoru Azərbaycan ərazisində aparılan seysmik müşahidələr, qeydə alınan yerli və xarici zəlzələlər, eləcə də RSXM-nin monitorinq şəbəkəsinin genişlənməsi, respublika ərazisində qurulan GPS stansiyaları haqqında məlumat verdi. Mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geokimyəvi və geodinamik tədqiqatlar və əldə olunmuş elmi nəticələrdən söz açan Q.Yetirmişli kadrların hazırlanması, xarici ölkələrlə birgə əməkdaşlıq əlaqələri və digər məsələlərə də toxundu.

RSXM-in elmi nəşri olan “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalının ildə bir dəfə nəşr olunduğunu söyləyən Q.Yetirmişli jurnalın Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatından keçdiyini, beynəlxalq İSSN sertifikatı aldığını diqqətə çatdırdı.

Tədbirdə akademiklər Arif İsmayılzadə , Hətəm Quliyev, Ramiz Məmmədov və b. RSXM-ın hesabatı ilə bağlı müzakirələr ətrafında çıxış etdilər.

Daha sonra AMEA-nın 70 illik yubileyi ilə əlaqədar RSXM-da fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə YEB-in Fəxri Fərmanı ilə təltif olundular.

Sonda mərkəzin Seysmologiya şöbəsinin müdiri, g.-m.e.d. T.Məmmədli AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümümi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin  RSXM-ın fəaliyyətində rolu ilə bağlı çıxış etdi. Bildirildi ki, dövlət başçısı öz çıxışında yer elmləri sahəsinə də böyük əhəmiyyət vermiş, bu istiqamətdə qarşımızda mühüm məsələlər ətrafında məsuliyyətli vəzifələr qoymuşdur. O, ölkə Prezidentinin tapşırıq və tövsiyyələrini daim diqqət mərkəzində saxlayaraq mövcud fəaliyyətin daha da intensivləşdiriləcəyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir