www.science.az
09.12.2015 17:03

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda dəyişiklik edilib

Bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. Bildirilib ki, Azərbaycan elmində əldə olunmuş nəticələrin yüksək reytinqli beynəlxalq elmi jurnallarda nəşr etdirilməsi Azərbaycan elminin təbliği, tanıdılması və dünya elmi məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin alimlər öz elmi əsərlərinin xarici dillərə tərcümə edilməsi ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, əksər hallarda qrammatik və məzmun baxımından düzgün tərcümə olunmamış elmi məqalə elmi nəticənin mahiyyətini düzgün və tam ifadə edə bilmir. Bütün bunlar AMEA-da tərcümə işi üzrə ixtisaslaşmış xüsusi qurumun yaradılması zərurətini meydana çıxarmışdır.

Həmçinin AMEA Rəyasət Heyətinin 04 mart 2015-ci il tarixli qərarına əsasən AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları TOEFL və ya IELTS proqramları üzrə aparıldığı üçün tədrisin də həmin proqramlara uyğun aparılması zəruridir. Qeyd olunub ki, Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Xarici dillər kafedrası isə adı çəkilən proqramlar üzrə tədrisi həyata keçirmək üçün müvafiq kadr potensialına malik olmadığından onun ləğv edilməsi məqsədəuyğundur. Qeyd edilənlərə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Təhsil şöbəsinin tabeliyində olan Xarici dillər kafedrasının ləğv edilməsi barədə qərar qəbul edib. Xarici dillər kafedrasının bazasında isə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin strukturunda Elmi tərcümə şöbəsinin yaradılması qərara alınıb və şöbəsinin strukturuna daxil olacaq ştat vahidləri də müəyyənləşdirilib.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqova tapşırılıb ki, bir ay müddətində Elmi tərcümə şöbəsinin əsasnaməsini hazırlayıb AMEA Rəyasət Heyətinə təqdim etsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir