www.science.az
09.12.2015 13:10

Ulu öndər Heydər Əliyevin xatirəsi AMEA Fəlsəfə və Hüquq İnstitutunda anılıb

AMEA Fəlsəfə və Hüquq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım mərasiminə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi və müasir fəlsəfənin çağırışları” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan institutun direktoru, professor İlham Məmmədzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb. Bildirilib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb. O, görkəmli dövlət xadiminin irsinin öyrənilməsinin həm ölkəmizdə, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda məruzə ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, professor Bəhram Zahidov Ulu öndər Heydər Əliyevin Azərbaycanın hüquqi dövlət kimi formalaşmasındakı fəaliyyətindən söz açıb, müstəqil Azərbaycanın ilk Konstitutsiyasının qəbul olunması kimi mühüm islahatları qüdrətli dövlətçiliyimiz yolunda əzəvolunmaz addımlar kimi səciyyələndirib.

Sonra çıxış edən institutun əməkdaşları - fəlsəfə elmləri doktorları Azər Mustafayev, Fizuli Qurbanov, aparıcı elmi işçi Hacı Xaliq Bəşər, fəlsəfə doktoru Sənan Həsənov və başqaları bildiriblər ki, bütün mənalı həyatını öz xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir