www.science.az
12.12.2013 00:00

AMEA Aşqarlar Kimyası İnstitutunda ümummilli lider H.Əliyevin anım günü münasibətilə tədbir keçirilib

11 dekabr 2013-cü il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Öncə institut rəhbərliyi Fəxri Xiyabanda ümummilli liderin məzarını ziyarət edib.

İnstitut əməkdaşları, gənc alim və doktorantların iştirak etdiyi tədbirdə çıxış edən institutun direktoru, akademik Vaqif Fərzəliyev müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətləri olan H.Əliyevin siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyətliliyi, ulu öndərin siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyə malik olması və geniş dünyagörüşündən söz açıb. O, H.Əliyevin Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlarından, ölkə və xalq qarşısındakı əvəzsiz xidmətlərindən, nəsillərə nümunə ola biləcək həyat və siyasi fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, məhz bu dahi şəxsiyyətin böyük siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib.

V.Fərzəliyev ümummilli liderin elm-təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən quruculuq proqramlarından danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.