www.science.az
03.12.2015 11:32

Akademik Rasim Əliquliyev: “Sosial şəbəkələr istənilən ölkənin tarixinə, dil və mədəniyyətinə təhlükə yaratmaq gücünə malikdir”

Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 30 Noyabr –  Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş elmi seminarda səsləndirib.

Tədbirdə R.Əliquliyev əsas missiyası özünüifadə və sərbəst kommunikasiya azadlığının təmini olan sosial medianın insanların, cəmiyyətin həyatına gətirdiyi müsbət tərəflərlə yanaşı, mənfi təzahürlərə də münasibətini bildirib. Bu gün xüsusən də sosial şəbəkələrin informasiya mübadiləsi, çoxsaylı dostluq əlaqələrinin qurulması, aktiv ünsiyyət və s. imkanlar yaratmaqla yanaşı, həm də istənilən ölkənin tarixinə, dil və mədəniyyətinə təhlükə yaratmaq gücünə malik olduğunu söyləyib. Onun sözlərinə görə, müasir dövrdə sosial şəbəkələr istənilən ölkənin nüfuzuna xələl gətirmək, tarixini saxtalaşdırmaq, milli-mənəvi dəyərlərinə yiyələnmək, o cümlədən insanların mədəni və tarixi yaddaşını məhv etmək üçün mövcud olan güclü təbliğat və təşviqat vasitəsidir.

İnstitut direktoru elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə bəzi dövlətlərin virtual məkanda milli maraqların təmini üçün sosial şəbəkələr üzrə peşəkar, intellektual insanlardan ibarət komandalar yaratması faktına da toxunub. O, bu kimi hallarda sosial şəbəkələrin analizinin aparılmasının məqsədəuyğunluğunu qeyd edib.

Bu gün Azərbaycanın tarixi və mədəniyyətinə qarşı informasiya müharibəsinin aparılması faktına da toxunan alim dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması üçün  qabaqcıl informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasının zəruriliyini ifadə edib. İnsanların, cəmiyyət və dövlətin maraqlarının qorunmasının informasiya təhlükəsizliyinin təminində başlıca amillərdən olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir