www.science.az
02.12.2015 17:03

AMEA-nın Mərkəzi Nəbatat Bağı ilə Qazaxıstanın Cezqazqan Nəbatat Bağı arasında əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstanın Cezqazqan Nəbatat Bağının bir qrup mütəxəssisi AMEA Mərkəzi Nəbatat Bağının qonağı olublar.

Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., AMEA-nın müxbir üzvü Validə Əlizadə qonaqlarla görüş zamanı bu müəssisənin tarixi, strukturu, fəaliyyət istiqamətləri, o cümlədən, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Qazaxıstanlı alimlər Bağın canlı kolleksiyasından, aparılan elmi işlərin nəticələrindən məmnun qaldıqlarını bildirərək, gələcəkdə əməkdaşlıq imkanlarının mümkünlüyü və əhəmiyyətini qeyd ediblər. Həmçinin təşkil olunmuş seminarda qonaq k.t.e.n. Gülnarə Naşenova “Cezqazqan Nəbatat Bağının müasir vəziyyəti” mövzusunda məruzə ilə çıxış edərək, təmsil etdiyi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı beynəlxalq layihələrdə iştirak və elmi-praktik forumların təşkili təcrübəsinin bu əməkdaşlıq üçün əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi AMEA-nın müxbir üzvü Validə Əlizadə və Cezqazqan Nəbatat Bağının direktoru, b.e.n. Naşenov Janqaozı Bolatoviç imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir