Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2015 09:29
  • A-
  • A
  • A+

Tarixçi-alimlər İzmirdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Tarixçi-alimlər İzmirdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Türkiyənin İzmir şəhərində Atatürk Araşdırma Mərkəzi (ATAM) və  Dokuz Eylül Universitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Türkiyə Respublikasının iqtisadi və sosial tarixi” mövzusunda beynəlxalq simpozium keçirilib.

Beynəlxalq tədbirdə ölkəmizi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktorları İradə Məmmədova, Bəxtiyar Həsənov və Mahir Qəribov təmsil ediblər.

Azərbaycan tarixçiləri Cəbi Bəhramov və İradə Məmmədova simpoziumun ayrı-ayrı bölmələrinə sədrlik ediblər.

Simpoziumun açılış və bağlanış mərasimlərində çıxış edən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Türkiyə Respublikasının iqtisadi və ictimai inkişafından, Türkiyə Qurtuluş Savaşı zamanı Azərbaycan - Türkiyə əlaqələrindən, müstəqilllik dövründə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından söz açıb. Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafı üçün ulu öndər Heydər Əliyevin bütün maneələrin aradan qaldırılmasını tövsiyə etdiyini söyləyən alim hazırda Türkiyə ilə iqtisadi əlaqələrin hərtərəfli inkişaf etdiyini bildirib. O, çıxışını Prezident İlham Əliyevin “Azərbaycan - Türkiyə əlaqələrinin dünyada bənzəri yoxdur” sözləri ilə yekunlaşdırıb.

Tarix İnstitutunun əməkdaşları Manisada İkinci Dünya müharibəsi dövründə əsir alınaraq Avropanın bir çox ölkələrində yaşayan, sonra isə Türkiyənin Manisa şəhərində məskunlaşan 94 yaşlı Səttar Bakılını ziyarət ediblər. Alimlər həmçinin, S.Bakılı haqqında İctimai TV-nin (İTV) TRT ilə birlikdə hazırladığı sənədli filmin çəkilişində iştirak ediblər.

Simpozium iştirakçıları İzmirin tarixi abidələrini də ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: