www.science.az
01.12.2015 10:02

II Xüsusi şöbənin növbəti seminar-məşğələsi keçirilib

AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

Tədbiri giriş sözü ilə II Xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq Akademiyanın institut və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərini aparan əməkdaşları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq elmi müəssisələrdə hərbi uçot və bron edilmənin vəziyyəti və bu sahədə illik hesabatın hazırlanması haqqında AMEA prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamını xatırladıb. Eldar Quliyev bildirib ki, Akademiya əməkdaşlarının hərbi uçotu və bron edilməsi işləri Azərbaycan Respublikasının "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanunu, eləcə də "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası" barədə Nazirlər Kabinetinin qərarı rəhbər tutularaq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna müvafiq olaraq həyata keçirilir. Bu məsələ ilə bağlı illik hesabatların hazırlanmasında müəyyən çatışmazlıqların olduğunu söyləyən şöbə rəisi əlaqədar qurumların  mütəxəssislərinin iştirakı ilə mövcud problemlərin aradan qaldırılacağına əminliyini ifadə edib.

Sonra çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Hüquq şöbəsinin Səfərbərlik sektorunun müdiri Bəhruz Məmmədov ölkədə iqtisadiyyat və səfərbərliklə bağlı görülən işlərdən bəhs edib, müvafiq qanun və qərarın icrasından irəli gələn vəzifələri diqqətə çatdırıb. Səfərbərliyə hazırlıq haqqında qaydaların tərtib edildiyini söyləyən B.Məmmədov bununla əlaqədar Nazirlər Kabineti tərəfindən xüsusi komissiyanın yaradıldığını, güc strukturlarının bu istiqamətdə fəaliyyətini təşkil etmək üçün işçi qrupunun formalaşdırıldığını bildirib. O, səfərbərliyə hazırlıq qaydalarında AMEA-nın bu istiqamətdəki fəaliyyəti barədə müddəaların öz əksini tapdığını vurğulayıb. Səfərbərlik dövründə görüləcək işlərin insanlara aşılanmalı olduğunu deyən natiq AMEA-nın institut və təşkilatlarında iqtisadi sahələrin müharibə dövründəki fəaliyyətini əks etdirən araşdırmalar aparılmasını, aidiyyatı institutlar tərəfindən müharibə dövrü səfərbərliyə hazırlıq vəziyyəti ilə bağlı təkliflərin təqdim olunmasını məqsədəuyğun hesab edib.

Daha sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, polkovnik-leytenant Əjdər Babazadə çıxış edərək əhalinin qeydiyyatının hərbi qeydiyyat, o cümlədən pasport və çalışdığı müəssisədəki qeydiyyatının paralel olaraq düzgün aparılmasının vacibliyini vurğulayıb. Dinc və müharibə dövründə yararsız olanların qeydiyyatının aparılmadığını söyləyən mütəxəssis yalnız hərbi vəzifəli vətəndaşların uçota alındığını nəzərə çatdırıb. Bildirilib ki, AMEA-nın elmi müəssisələrində hərbi uçot və bron edilmənin illik hesabatını hazırlayarkən Nazirlər Kabinetinin 76 nömrəli qərarında sənədlərin doldurulması, nöqsanların aşkar edilməsi, çatışmazlıqların aradan qaldırılması və s. kimi bəndlər əsasən hesabat qrafikinin düzgün tərtibinə səbəb olacaq.

Seminar-məşğələdə çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qulluqçusu Bariz Zöhrabov ilk olaraq "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanunda bugünkü tədbirin təşkilinə dair bəndin əksini tapdığını diqqətə çatdırıb. Son dövrlər ölkəmizdə vətəndaşların hərbi vətənpərvərlik ruhunun yüksəldiyini deyən mütəxəssis müvafiq qanunların bəndlərini diqqətə çatdırıb, qeydiyyatsız səfərbərliyin aparıla bilmədiyini söyləyib.

Tədbirin ikinci hissəsi AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçot və bronetmə işlərinin vəziyyəti barədə çıxışlara və bu sahənin məsul əməkdaşları ilə hesabatların (Forma 6) hazırlanması qaydalarının təkmilləşdirilməsinə dair göstərişlərə həsr olunub.

Seminara dəvət alan mütəxəssislər Akademiya əməkdaşlarının suallarını cavablandırıblar, təklif və tövsiyyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir