www.science.az
27.11.2015 16:55

Fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında kompüterlər vasitəsilə keçirildi. İmtahanda 82-si Azərbaycan, 8-i isə rus bölməsi olmaqla 90 nəfər iştirak edirdi.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı prosesi ilə tanış oldu.

Sonra AMEA prezidenti A.Əlizadə, imtahanların qəbul edilməsi məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri fəlsəfə üzrə elmlər doktorları Əbülhəsən Abbasov, Fərman İsmayılov, Zaur Bağırov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov və AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun iştirakı ilə “dəyirmi masa” keçirildi.

İmtahanda iştirak edənlərin fəlsəfə fənnindən biliklərinin obyektiv qiymətləndirilməsi üçün yeni mexanizmlərin tətbiq edildiyini bildirən akademik A.Əlizadə fəlsəfə imtahanlarının 9 iyun 2015-ci il tarixli Sərəncama əsasən test texnologiyaları əsasında keçirildiyini söylədi.

Müzakirələr zamanı Azərbaycan elminin qarşısında dayanan mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində akademiyada görülən tədbirlər, elm və təhsil sahəsində aparılan islahatların əsas hədəflərindən söz açıldı. AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsinin müvafiq sahələr üzrə alim və mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayacağı və Azərbaycan elminin inkişafına böyük töhfələr verəcəyi qeyd olundu.

İmtahanların yüksək səviyyədə təşkil edildiyini bildirən komissiya üzvləri TİM-də quraşdırılmış video-müşahidə sisteminin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsinə şərait yaratdığını söylədilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir