www.science.az
27.11.2015 16:13

AMEA-da Qolodomor tarixi həqiqətlərinə həsr olunmuş dəyirmi masa keçirildi

Bu gün AMEA-nın Əsas binasında İctimai Elmlər Böl­mə­sinin təşkilatçılığı ilə 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomor hadisələrinə həsr edilmiş “SSRİ-də kütləvi terror – kütləvi siyasi repressiyalar. 1932-1933-cü illərdə Ukraynada Qolodomor tarixi həqiqətləri” mövzusunda dəyirmi masa keçirildi.

İclası giriş sözü ilə İctimai Elmlər Böl­mə­sinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova açdı. Keşmiş SSRİ ərazisində baş verən siyasi və iqtisadi proseslərin XX əsrin 20-30-cu illərində kəskinləşdiyini xatırladan N.Axundova bu prosesin ümumilikdə Sovet xalqına təsirsiz ötüşmədiyini qeyd etdi.

Sonra Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Pavloviç Mişenko çıxış etdi. O bildirdi ki, “Qolodomor” sözü Ukrayna dilində iki sözdən "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlib. Bu hadisə 1932-1933-cü illərdə kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırımı aktıdır: “Qolodomor faciəsi kommunist rejiminin Şərqi Avropada apardığı terrorun nəticəsində baş verib". Səfir öz çıxışında bildirdi ki, Ukraynada kütləvi aclığa başlıca səbəblər kəndlilərin kollektivləşdirməyə kəskin qarşı çıxması və SSRİ hakimiyyətinin 1932-ci ildə ölkədə taxıl tədarükünün təminatı bəhanəsi ilə qida məhsullarını müsadirə etməsi olmuşdu. 

Qeyd olundu ki, 1933-cü ilin qış və yaz aylarında soyqırımı özünün pik nöqtəsinə çatmış, həmin dövrdə hər gün 25 min insanın həyatına son qoyulmuşdur. Qolodomor nəticəsində Sovet Ukraynasında yaşayan əhalinin 20-30 faizi məhv olmuşdur.

Sonra iclasda ABŞ-ın Yel Universitetinin professoru, Şərqi Avropa tarixi üzrə ən məşhur Amerika alimlərindən olan Timoti Snayderin “Qanlı torpaqlar: Avropa Hitler və Stalinin arasında" kitabının təqdimatı keçirildi. İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Moisey Borisoviş Bekker çıxış edərək bildirdi ki, Ukraynanın başına gətirilən faciə bu kitabda əsaslı faktlarla əks olunmuşdur. Həmin nəşrdə nasist, o cümlədən sovet sisteminin qurbanı olmuş bir neçə insanın həyatı da təsvir edilmişdir.

Tədbirdə, həmçinin AMEA Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmlərin doktoru İradə Bağırova “Ukraynada Qolodomor və o dövrlə Azərbaycan hadisələri arasında paralellər”, institutun aparıcı mütəxəssisi Əzidə Cəfərli “20-ci və 30-cu illərdə Azərbaycanda siyasi vəziyyət, repressiyalar və Qolodomor hadisələri”, o cümlədən institutun böyük elmi işçisi İlqar Niftəliyev “20-ci və 30-cu illərdə Azərbaycanda Qolodomor hadisələri” mövzusunda məruzələrlə çıxış etdilər, faciəyə dair tarixi faktları diqqətə çatdırdılar, geniş fikir mübadiləsi apardılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir