Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanın tektonik quruluşu ilə zəlzələ ocaq zonalarının əlaqəsinə dair ümumrespublika seminarı keçirilib
25.11.2015 12:02
  • A-
  • A
  • A+

Azərbaycanın tektonik quruluşu ilə zəlzələ ocaq zonalarının əlaqəsinə dair ümumrespublika seminarı keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunda “Böyük Qafqazın Azərbaycan hissəsinin tektonik quruluşu ilə zəlzələ ocaq zonalarının əlaqəsi” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə Geotektonika və regional geologiya şöbəsinin elmi işçisi Fuad Əliyev geniş məruzə ilə çıxış edib. O, mövzuya dair aparmış olduğu tədqiqatların nəticələrini təqdim edərək bildirib ki, Böyük Qafqaz zonası Alp qırışıqlıq qurşağının ən fəal seysmik ərazilərindən biridir. Burada mütəmadi olaraq güclü və dağıdıcı zəlzələlər baş verməkdədir. Ərazinin müasir strukturu Şimali və Cənubi Qafqaz qitə mikroplitələrinin psevdosubduksiya ərazisinə xas olan yan horizontal sıxılma şəraitində Alp tektogenez proseslərinin təsiri nəticəsində formalaşmışdır. Azərbaycan ərazisinə və Xəzər dənizinin milli sektoruna aid materiallar mikroplitələr arasında psevdosubduksiya təsirinin mövcudluğuna dəlalət edir ki, bu da qitə yamacı, kənar dəniz və adalar qövsü Alp formasiyalarının tektonik örtük komplekslərində birləşdirilmiş müxtəlif ölçülü lövhələrin tektonik laylanmasına səbəb olmuşdur.

Cənubi Qafqaz mikroplitəsinin Şimali Qafqaz mikroplitəsi altına psevdosubduksiyası prosesi Alp tektogenezinin hazırki mərhələsində də davam edir. Buna regionda real zaman çərçivəsində aparılan geodinamik müşahidələr də dəlalət edir. Davam edən psevdosubduksiyanın əsas göstəricilərindən biri dərinliklərə görə qeyri-bərabər paylanan seysmiklikdir. Zəlzələ ocaqlarının paylanmasının təhlili yer qabığında onların subüfüqi və subşaquli kontaklarla qarşılıqlı struktur-dinamik əlaqələrinin mövcudluğuna dəlalət edir. Üfüqi və şaquli seysmik zonallıq öz izahını yer qabığının blok bölünməsi və tektonik təbəqələşməsində tapır. Onun strukturunda zəlzələ ocaqları əsasən müxtəlif istiqamətli tektonik qırılmaların kəsişmə düyünlərinə və ya dərinlik qopma müstəvilərinə və müxtəlif kompetentliyə malik maddi komplekslərin qeyri-sabit təmasları üzrə lateral yerdəyişmələrinə uyğunlaşmışdır. Tektogenezin müasir mərhələsində maksimal seysmik fəallıqla səciyyələnən ümumqafqaz istiqamətli Qanıx-Əyriçay-Ələt dərinlik üstəgəlməsi ilə tənzimlənən Cənubi Qafqaz mikroplitəsinin şimal kənarı və Böyük Qafqazın Azərbaycan hissəsinin şərqində Qərbi Xəzər yarılmasının submeridional sağ fay yerdəyişmə zonası seçilir. Buna sübut olaraq, Böyük Qafqazın cənub yamacının Azərbaycan seqmentində 2012-ci ildə baş vermiş seysmik hadisələri, o cümlədən, Zaqatala, Balakən, Şəki, İsmayıllı zəlzələlərini göstərmək olar.

Regionda tektonik gərginliklərin və zəlzələlərin məkan paylanmasının təhlilindən əlavə, güclü zəlzələlərin ocaqları və ocaq mexanizmləri üçölçülü məkanda tədqiq edilmiş, həmçinin onların tektonik strukturlarla qarşılıqlı əlaqəsi öyrənilmişdir. Gərginlik oxlarının istiqaməti, ümumən, bütün ocaq mexanizmi tiplərinin mövcud olduğu regionun geodinamikasına uyğun gəlir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: