AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, professor Cəbrayıl Əbdüləli oğlu Azadəliyev 1935-ci il noyabrın 29-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunda Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam orta məktəbində orta təhsilini 8 il ərzində əla qiymətlərlə başa çatdırmışdır. C.Ə.Azadəliyev Azərbaycan Dövlət Universiteti (hazırda Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Geoloji syomka və faydalı qazıntı yataqlarının axtarışı” şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Mühəndis-geoloq ixtisasına yiyələnən Cəbrayıl Azadəliyev tələbəlik illərində dövrünün tanınmış müəllimlərindən aldığı nəzəri bilikləri çöl təcrübələrində təkmilləşdirərək gənc yaşlarından bacarıqlı geoloq kimi özünü tanıtdırmışdır.
1959-cu ilin iyun ayından akademik M.Ə.Qaşqayın şəxsi təşəbbüsü və inadlı təhriki ilə Azərbaycan MEA Geologiya İnstitutuna (indiki Geologiya və Geofizika İnstitutu) təyinat almış, 1961-ci ildə əyani aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi, böyük elmi işçi-qrup rəhbəri kimi fəaliyyət göstərmişdir. 1986-cı ildən “Metasomatizm və filizəmələgəlmə” şöbəsinə rəhbərlik etmişdir. 1966-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür. Alim 1967-ci ildən Bakı Dövlət Universitetinin “Faydalı qazıntıların geologiyası” kafedrasında saathesabı qaydada pedaqoji fəaliyyətlə məşğul olmuş, 1999-cu ildən indiyədək kafedranın professoru vəzifəsində fəaliyyət göstərir.
Professor C.Ə.Azadəliyev metamorfizm, metasomatizm və filizəmələgəlmə proseslərinin fiziki-kimyəvi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokimyası, endogen metallogeniya, genetik mineralogiya və fiziki geokimya, tətbiqi geologiya, geoekologiya elm sahələri üzrə tədqiqatlar aparmışdır. Respublikada metasomatik mineraləmələgəlmə proseslərinin öyrənilməsi sahəsində yeganə mütəxəssis olaraq, C.Azadəliyev elmin bu mütərəqqi istiqamətini müvəffəqiyyətlə inkişaf etdirir. Alimin bu sahədə əldə etdiyi 20-dən çox dəyərli elmi və tətbiqi nəticələr ən mühüm nailiyyətlər qismində SSRİ Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatlarına daxil edilmişdir. Professor C.Ə.Azadəliyev Azərbaycanın geologiyasında bir sıra yeniliklərə imza atmışdır. Daşkəsən skarn-dəmir yatağı əmələ gələrkən skarn metasomatozu zamanı kimyəvi komponentlərin filizdaşıyan hidrotermal məhlullar vasitəsilə metasomatoz zonasına miqdari gətirilmə-çıxarılma balansını ilk olaraq mütərəqqi metodla hesablayan və bu prosesdə komponentlərin geokimyəvi davranışını təhlil edən C.Azadəliyev, eyni zamanda skapolit mineralının izomorf marialit minalının Daşkəsən skarn-dəmir yatağının skarnətrafı metasomatitlərində geniş yayıldığını, Ketam-Kilit zonasının (Ordubad rayonu) skarnlarında qalay minerallaşmasını müəyyən etmiş, eləcə də Kiçik Qafqaz regionunda dəqiq tədqiqatlarla ilk olaraq Murovdağ strukturunda yura-paleogen yaşlı vulkanogenlərin regional metamorfizmə uğramış fasiyalarında geniş yayılmış abissofob xassəyə malik pumpelliit mineralarını aşkar etmişdir. Alim Kiçik Qafqazın filizdaşıyan metasomatitlərinin geniş genetik-formasion təsnifatını, Kiçik Qafqazın mezokaynozoy intruziyalarının kontakt-termal metamorfizmin petroloji-genetik modelini, mis-porfir və skarn-dəmir filiz formasiyalarının geoloji-genetik və həcmi-geokimyəvi modellərini işləyib hazırlamış, bununla da gizli filiz yığımlarının birbaşa axtarışı və proqnozu istiqamətində mineraloji-geokimyəvi və metasomatik kriterilər kompleksini təklif etmişdir. Kiçik Qafqazın ultraəsasi massivlərinin 150 ildən artıq öyrənilmə tarixində onların yan süxurlarla təmaslarında yüksəktemperaturlu termal dəyişilmələrin tipomorf mineral assosiasiyalarını ilk olaraq C.Azadəliyev kompleks presizion metodlarla öyrənib aşkarlamış, regionun ultraəsasi massivlərinin avtoxton-intruziv yolla formalaşdığını təkzib olunmaz dəlillərlə əsaslandırmışdır. Alim, həmçinin yer qabığında kalsiumlu skarnların əmələ gəlməsinin konvergentliyi ideyasını elmdə ilk olaraq irəli sürmüşdür. İlk olaraq Kiçik Qafqaz regionunun tektonik-maqmatik inkişafı ərzində yer qabığında yaranmış “filiz-maqmatik sistemlər”in ayrılması prinsiplərini işləyib hazırlayaraq, maqmatik kütlənin homodrom təkamülü ilə əlaqədar bu sistemlərin hidrotermal fəaliyyətinin ikili xarakterli (maqmanın özünün təkamülü ilə bağlı hidrotermal məhlulların bilavasitə təkamülü) ideyasını irəli sürərək əyani olaraq əsaslandırmışdır.
Professor C.Azadəliyev 60-dan çox beynəlxalq, Ümumittifaq və respublika miqyaslı elmi konfransların, müşavirələrin, sessiyaların fəal iştirakçısı olmuş, maraqlı elmi məruzələrlə və konstruktiv təkliflərlə çıxış etmişdir. Metasomatik filizəmələgəlmə sahəsində uzaq xaricdə və SSRİ məkanında kifayət qədər tanındığına görə C.Azadəliyev vaxtilə SSRİ Elmlər Akademiyasının Filizəmələgəlmə Şurasının Metasomatizm seksiyasına (1972), həmin Şuranın Metamorfizm və Metamorfogen Flizəmələgəlmə Komissiyasına (1982), SSRİ Elmlər Akademiyasının Petroqrafiya Komitəsinin Metamorfizm Komissiyasına (1983) üzv seçilərək uzun illər fəaliyyət göstərmişdir. O, Ümumittifaq Mineralogiya Cəmiyyətinin və Azərbaycan Mineralogiya Cəmiyyətinin üzvüdür (1960), Azərbaycan Mineralogiya Cəmiyyətinin vitse-prezidenti (1995) seçilmişdir.
Azərbaycan elminin inkişafında qazandığı nailiyyətlərə və fədakar əməyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə professor C.Azadəliyev “Tərəqqi” medalı və “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. AMEA Rəyasət Heyətinin, Yer Elmləri Bölməsinin, Geologiya və Geofizika İnstitutunun “Fəxri Fərman”ları ilə mükafatlandırılmışdır. Amerika Bioqrafiya İnstitutu (ABŞ) C.Azadəliyevi “2000-ci ilin Adamı” və “2001-ci ilin Görkəmli Elm Xadimi” elan etmiş, “Görkəmli Nailiyyətlərinə görə Ömürlük Xatirə Medalı” və “Beynəlxalq Müvəffəqiyyət Tərif Qramotası” ilə təltif etmişdir.
300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, dərsliklərin, dərs vəsaitlərinin, eləcə də bakalavriantlar və magistrantlar üçün tədris proqramlarının müəllifidir. 25 elmi hesabatın, o cümlədən 10 təsərrüfat müqaviləli işin elmi rəhbəri və məsul icraçısı olmuşdur. “Azərbaycanın geologiyası” çoxcildiyinin (rus dilində) VI cildinin (2003, 2005) redaksiya heyətinin üzvü, “Azərbaycanın geologiyası” III cildliyində (2015) “Bərk faydalı qazıntılar” bölməsinin müəllifidir.
Alim, eyni zamanda gənc mütəxəssislərin və elmi kadrların hazırlanmasında fəal iştirak edir. Bir sıra monoqrafiyaların redaktoru, eləcə də elmi külliyatların və məcmuələrin redaktoru və redaksiya heyətlərinin üzvü olmuşdur. Geologiya və Geofizika İnstitutu Elmi şurasının üzvüdür.
Professor C.Azadəliyev bacarıqlı təşkilatçı və ictimaiyyətçidir. Uzun illər Geologiya İnstitunda Xalq Nəzarəti qrupuna rəhbərlik etmişdir. 1992-ci ildə Azərbaycan EA Azad Həmkarlar İttifaqlarının yaradılmasının fəal təşkilatçılarından biri olmuş, təşkilatın ilk Nizamnaməsini hazırlayaraq Ədliyyə Nazirliyinin Kollegiyasından keçirtmiş, İttifaqın Kollegial Rəyasət Heyətinin həmsədri və Məclisinin sədri olmuşdur. 1997-ci ildən Geologiya İnstitutunda Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının yaradıcısı və sədridir.
Tanınmış geoloq alimi 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində böyük nailiyyətlər arzulayırıq.
Fəxrəddin Qədirov, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik