Azərbaycan Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar həkim Abduləhəd Səftər oğlu Həsənovun anadan olmasından 115 il keçir. A.S. Həsənov 1900-cü ildə Şamaxı şəhərində doğulmuşdur. Orta təhsilini realnı məktəbdə aldıqdan və bir neçə il əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. 1927-ci ildə həmin fakültəni bitirdikdən sonra xüsusi patologiya və terapiya kafedrasının ordinatoru vəzifəsində işləmişdir. Tibb elminə olan sonsuz marağı onu 1931-ci ildə Azərbaycan Tibb Institutunun aspiranturasına gətirmişdir.
Moskva şəhərində uzunmüddətli elmi məzuniyyətlərdə olmuş, görkəmli biokimyaçı alimlərdən A.N.Baxın, S.E.Severinin və A.E.Braunşteynin rəhbərliyi altında eksperimental təbabət institutunda çalışmışdır. Gərgin elmi axtarışların nəticəsi olaraq 1936-cı ildə “Maddələr mübadiləsinin aralıq məhsullarının hidrogen-peroksid vasitəsilə oksidləşməsi şəraitində oksihemoqlobinin katalitik təsiri” mövzusunda namizədlik, 1937-ci ildə isə “Proteoliz və heyvanların toxuma proteazalarının təsir şəraiti haqqında məsələlər»” mövzusunda doktorluq dissertasiyaları müdafiə edən A.S.Həsənov həmin il Azərbaycan Tibb Institutunun biokimya kafedrasına müdir seçilmiş və ömrünün sonuna qədər – 35 il həmin vəzifədə çalışmışdır.
A.S.Həsənov bütün ömrü boyu intensiv elmi-tədqiqatla məşğul olmuş, elmi fəaliyyətini pedaqoji işlə səmərəli surətdə əlaqələndirmişdir. Onun tədqiqatlarına qədər karotinin insan və heyvan orqanizmi üçün bioloji əhəmiyyəti tam aydın deyildi. A.S.Həsənov ilk dəfə olaraq, karotinin insan orqanizmində A vitamininin provitamini olmaqla bərabər, mübadilə proseslərində sərbəst şəkildə də iştirak etdiyini sübuta yetirmiş və bu proseslərin müxtəlif mexanizmlərini aydınlaşdırmışdır. Bundan əlavə, A.S.Həsənov Naftalan neftinin təsir mexanizmlərinin öyrənilməsi sahəsində geniş tədqiqat işləri aparmışdır. Onun tədqiqatları sayəsində aydın olmuşdur ki, Naftalan nefti ilə karotin qarışığının toksik təsiri nativ Naftalan preparatlarının eyni təsirinə nisbətən xeyli azdır və bu qarışıq yaraların sağalmasını əhəmiyyətli dərəcədə sürətləndirir. Bu tədqiqat sayəsində A.S.Həsənovun tibb praktikasına tətbiq etdiyi Karotonaftalan preparatı (karotinlə Naftalan neftinin qarışığı) Böyük Vətən Müharibəsi illərində yaralı əsgərlərin müalicəsində müvəffəqiyyətlə tətbiq edilmişdir.
A.S.Həsənovun elmi təqiqatlarından aydın olmuşdur ki, karotin qeyri-spesifik toxuma proteazalarının – katepsinlərin fəallığını azaltmaqla, hüceyrə zülallarını mühafizə edir, yəni onların qənaətlə sərf edilməsinə şərait yaradır və eyni zamanda qidanın tərkibində olan zülalların miqdarı və keyfiyyəti karotinin toxumadaxili çevrilmələrinə muhum təsir göstərir.
A.S.Həsənovun aşkara çıxardığı maraqlı elmi faktlardan biri də bundan ibarətdir ki, zülalsız ərzaq məhsulları ilə qidalanma şəraitində toxumalar karotini özlərində saxlamaq qabiliyyətini itirir. Aparılan tədqiqatlar karotinin və bir sıra vitaminlərin həzm sistemindən sorulmasının qanunuyğunluqlarını aşkara çıxarmağa imkan vermişdir. A. S.Həsənovun angiostomiya edilmiş heyvanlar üzərində apardığı təcrübələr sayəsində aydın olmuşdur ki, karotin A vitamininə bağırsaq divarının epitel hüceyrələrində çevrilir. Bu, vitaminologiya elmi üçün böyük yenilik olmuşdur.
A.S.Həsənov Azərbaycanın kurort amillərinin müalicəvi təsir mexanizminin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Onun tədqiqatları arasında Naftalan neftinin, «Istisu»” və «Sirab»” mineral sularının maddələr mübadiləsinə təsirinin mexanizmlərinin aydınlaşdırılması mühüm yer tutmuşdur. Onun Naftalan nefti ilə karotinin birgə tətbiqi zamanı orqanizmdə baş verən dəyişikliklərin öyrənilməsinə dair çoxsaylı tədqiqat işlərinin nəticələri 1948-ci ildə çap edilmiş “Karotonaftalan” adlı monoqrafiyasında öz əksini tapmışdır. Alimin öz əməkdaşları ilə birgə apardığı tədqiqat işləri sayəsində “Istisu” və “Sirab” mineral sularının maddələr mübadiləsinə təsirinin bir sıra maraqlı cəhətləri aşkar edilmiş, tibb işçilərinə həzm sistemində gedən biokimyəvi proseslərə məqsədyönlü surətdə təsir etmək imkanı yaranmışdır.
Yuxarıda şərh edilənlərdən əlavə, A.S.Həsənov şişlərin biokimyası, tireotoksikoz, avitaminoz və hipervitaminoz vəziyyətləri, farmakologiyanın biokimyəvi problemləri, Azərbaycanın ölkə patologiyasının klinik-biokimyəvi aspektləri sahəsində də əsaslı tədqiqatlar aparmışdır. Onun B12 vitamininin bioloji əhəmiyyətinin öyrənilməsinə həsr edilmiş tədqiqat işlərinin vitaminologiya elminin inkişaf tarixində xüsusi yeri vardır. Alimin vitaminologiya (xüsusən B12, C, B və PP vitaminlərinin normal və patoloji şəraitdə orqanizmə təsiri) sahəsində apardığı tədqiqat işlərinin nəticələri 1959-cu ildə Moskvada nəşr edilmiş “Vitaminlər və sağlamlıq” əsərində öz əksini tapmışdır.
A.S.Həsənov elmi kadrlar hazırlanması sahəsində də böyük və səmərəli iş aparmışdır. Onun rəhbərliyi altında 12 doktorluq, 42 namizədlik dissertasiyası işlənərək, müdafiə edilmişdir. O, səmərəli elmi fəaliyyətlə birlikdə, yüksəksəviyyəli pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bu gün Azərbaycanın səhiyyə sistemində fəaliyyət göstərən həkimlərin əksəriyyəti onu parlaq zəka sahibi olan bir pedaqoq kimi xatırlayır.
A.S.Həsənov Azərbaycan Tibb Institutunun tələbələrinin dərslik və dərs vəsaitləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərirdi. O hələ 1933-cü ildə həmkarı H.Q.Səfərovla birlikdə tibb institutu tələbələri üçün latın qrafikası ilə ikicildlik “Bioloji kimya” dərsliyi yazıb çap etdirmişdir. 1963-cü ildə A.S.Həsənov əməkdaşları ilə birlikdə B.I.Zbarski və b-nın “Bioloji kimya” dərsliyini rus dilindən milli dilimizə tərcümə edərək tələbələrin istifadəsinə vermişdi. A.S. Həsənovun ömrünün son illərində öz elmi məktəbinin yetişdirmələri olan N.A. Rzayev, F.Q.Islamzadə və A.M.Əfəndiyevlə birlikdə yazdığı əsaslı “Bioloji kimya” dərsliyi onun vəfatından sonra – 1974-cü ildə işıq üzü görmüş, 1989-cu ildə isə digər müəlliflər (F.Q.Islamzadə, A.M.Əfəndiyev) tərəfindən yenidən işlənmiş və tamamlanmış şəkildə təkrarən çap edilmişdir. Adı çəkilən dərslik və monoqrafiyalardan əlavə, A.S. Həsənovun qələmindən 160-a qədər elmi əsər çıxmışdır.
A.S.Həsənov səmərəli elmi-pedaqoji fəaliyyətini böyük ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən yüksək səviyyəli Azərbaycan ziyalısı idi.
O, 1938-1941-ci illərdə, o vaxtlar müstəqil surətdə fəaliyyət göstərən Azərbaycan Əczaçılıq Institutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan Dövlət Tibb Institutunda da həmin vəzifəni yerinə yetirmişdir. A.S.Həsənov 1953-1967-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyi Tibbi-Elmi Şurasının üzvü olmuş, 1964-1967-ci illərdə N.Nərimanov adına ADTI-nin nəzəri tibb elmləri üzrə Ixtisaslaşdırılmış Müdafiə Şurasına rəhbərlik etmişdir. O, ümumittifaq miqyasında keçirilən bir sıra elmi qurultay və konfransların təşkil edilməsində yaxından iştirak etmişdir.
A.S.Həsənov 1958-ci ilə keçmiş SSRI-nin Ümumittifaq Biokimyaçılar Cəmiyyətinin təsis qurultayında cəmiyyətin idarə heyətinə üzv seçilmiş, 1946-1964-cü illər ərzində I.P. Pavlov adına Ümumittifaq Fiziologiya Cəmiyyəti idarə heyətinin üzvü olmuş, 1944-1955-ci illər ərzində Azərbaycan fizioloqlar, biokimyaçılar və farmakoloqlar cəmiyyəti idarə heyətinin sədri, 1955-1962-ci illərdə isə sədr müavini vəzifələrini yerinə yetirmişdir. Bunlardan əlavə, 1958-ci ildə A.S.Həsənovun təşəbbüsü ilə Azərbaycan Biokimyaçılarının Elmi Cəmiyyəti təşkil edilmiş və o özü ömrünün sonuna qədər həmin cəmiyyətə rəhbərlik etmişdir. A.S.Həsənov 1963-1965-ci illərdə Bakı şəhər sovetinin deputatı olmuşdur.
Qeyd etmək lazımdır ki, A.S.Həsənovun ictimai fəaliyyətində onun Azərbaycan Biokimyaçılar cəmiyyətinə rəhbərlik etdiyi dövr xüsusilə mühüm yer tutur. Bu cəmiyyət əvvəllər fizioloqların elmi cəmiyyətinin nəzdində fəaliyyət göstərirdi. Lakin A.S.Həsənovun və onun elmi məktəbinin çoxsaylı yetirmələrinin gərgin və səmərəli fəaliyyəti respublikada müstəqil biokimyaçılar cəmiyyəti təşkil edilməsinə tarixi zərurət yaratdı; 1958-ci ilə təsis edilən biokimyaçılar cəmiyyəti sonralar bioloji kimya sahəsində elmi işlərin əlaqələndirilməsində və təşkilində əvəzsiz rol oynadı, A.S.Həsənov isə 1972-ci ilə qədər fasiləsiz olaraq, bu cəmiyyətə rəhbərlik etdi.
A.S.Həsənov Böyük Tibb Ensiklopediyasının I və III nəşrlərində kimya redaksiyasının redaktoru olmuş, Siyasi və Elmi Bilikləri Yayan Ümumittifaq cəmiyyətinin (Ümumittifaq «Bilik» cəmiyyəti) idarə heyətinin respublika şurasında tibb bölməsinin sədri vəzifələrini yerinə yetirmiş, respublikamızın əhalisi arasında tibbi və gigiyenik biliklərin yayılmasında və bu işin təşkilində əvəzsiz xidmət göstərmişdir. O, uzun illər ərzində SSRI EA-nın «Biokimya» jurnalının redaksiya şurasının, «Azərbaycan Tibb jurnalı»nın redaksiya heyətinin və Respublika Səhiyyə Nazirliyi nəzdində elmi-tibbi şuranın idarə hey’ətinin üzvü olmuşdur.
A.S.Həsənovun məhsuldar elmi fəaliyyəti hökümət orqanlarının da diqqətindən yayınmamışdır. O, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, tibb kadrlarının yetişdirilməsində və biokimya elminin tərəqqisində xidmətlərinə görə, müxtəlif illərdə “Lenin” (1953), “Şərəf nişanı” (1948) ordenləri, “Qafqazın müdafiəsinə görə” medalı (1944) ilə, həmçinin dəfələrlə müxtəlif Fəxri fərmanlarla və “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmiş, Azərbaycan SSR-in “Əməkdar həkimi” (1942) və “Əməkdar elm xadimi” (1943) fəxri adlarına layiq görülmüşdür.
Müasirləri A.S.Həsənovu istedadlı, əməksevər və yüksəkerudisiyalı alim, xeyrixah və qayğıkeş yoldaş kimi tanıyırdılar. Böyük alim, pedaqoq, xeyirxah təbiətli insan olan A.S.Həsənovun xatirəsi onun çoxsaylı tələbələrinin, ardıcıllarının və bütün onu tanıyanların qəlbində özünə həmişəlik yer tapmışdır.
Arif Əfəndiyev, Azərbaycan Tibb Universiteti Biokimya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor