Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlər müzakirə olunub
20.11.2015 11:23
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlər müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı Rəyasət Heyətinin geniş iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi yüksək qayğıya görə Prezident İlham Əliyevə Azərbaycan alimləri, Akademiya və elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. Sonra akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin Ümumi yığıncaqda irəli sürdüyü elmi prioritetlər haqqında geniş məruzə ilə çıxış edib.

Akademik Akif Əlizadə bildirib ki, bu il noyabr ayının 9-da respublikanın ictimai-mədəni həyatında əlamət­dar hadisə olan AMEA-nın 70 illik yubiley tədbirində ölkə başçısı İlham Əliyev öz nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan edib. Akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin Azərbaycan elminin qarşısında ölkənin yeni iqtisadi modelinin hazırlanması istiqamətində fundamental və tətbiqi tədqiqatların, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və ixrac potensialının artırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsi və bu baxımdan kompleks araşdırmaların aparılması, sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Akademik Ümumi yığıncaqda Prezident İlham Əliyev tərəfindən texniki sahədən tutmuş humanitar və ictimai elmlərin bütün istiqamətləri üçün hədəflər qoyduğunu bildirib.

AMEA rəhbəri kosmik elmin inkişafı, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi və hərbi sənayenin inkişafının alimlərdən xüsusi araşdırmalar tələb etdiyini, həmçinin alimlər tərəfindən neft-qaz və qeyri-neft sektoruna xüsusi diqqətin ayrılmalı olduğunu söyləyib. Bildirilib ki, son dövrlərdə terror aktlarının geniş vüsət alması, terrorizmin bu qədər irəliləməsi, qlobal səviyyədə neqativ halların həm ölkəmizdə və həm də ölkə hüdudlarından kənarda baş verməsi Azərbaycan elmində multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqini ön sıralara çəkib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, kənar qüvvələr tərəfindən tariximizin saxtalaşdırılmasını əks etdirən araşdırma materiallarına qarşı mübarizə və elmimizin təhriflərdən təmizlənməsi məqsədilə Tarix İnstitutunda aparılan araşdırmaların daha da dərinləşməsinin tövsiyə olunduğunu, həmçinin Prezident tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə müstəqillik dövrünü əhatə edən kitab, monoqrafiya və əsərlərin yazılmasının tarixçilər qarşısında mühüm vəzifə kimi qoyulduğunu xatırladıb.

Rəyasət Heyətinin geniş iclasında akademik Akif Əlizadə son iki il ərzində Akademiyanın gördüyü işlərdən danışaraq struktur islahatların həyata keçirilməsi, müxtəlif Dövlət Proqramlarının icrasından irəli gələn xeyli məsələlərin həll olunması, elmlərarası əlaqələrin, eləcə də tədqiqatların genişləndirilməsi, beynəlxalq laboratoriyaların yaradılması, elmimizin beynəlxalq səviyyədə nüfuzunun formalaşdırılması, magistraturanın təşkili, Azərbaycan elminin dünya elminə inteqrasiyası, baza kafedralarının yaradılması və innovativ texnologiyaların tətbiqini AMEA-nın islahatyönlü mühüm tədbirləri kimi qiymətləndirib. Bununla yanaşı, akademik elmi-tədqiqat mövzularının seçilməsi, alimlərin ixtiralarının biznesyönümlü layihələrə istiqamətləndirilməsi, tədqiqatları bizneslə əlaqələndirmək üçün ayrıca şöbə yaratmaqla araşdırmaların daha da genişləndirilməsi və istehsalatda tətbiqini alimlərin diqqət mərkəzində saxlamalı olduğunu nəzərə çatdırıb.

Sonra AMEA-nın prezidenti 70 illik yubiley tədbirində Prezident İlham Əliyevin nitqi zamanı qeyd etdiyi fikirləri səsləndirərək Akademiyanın həyata keçirdiyi layihələr və tədqiq etdiyi sahələrə aidiyyatı nazirlikləri də dəvət etməklə birgə əməkdaşlıq əlaqələri yaratmağın və bununla da görüləcək bütün işlərin elmi əsaslar üzərində qurulmasını təmin etməyin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: