Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 10-13 noyabr tarixlərində Rusiyanın Voronej Dövlət Universitetində keçirilən “Kondensə olunmuş mühitlərdə və faza sərhədlərində fiziki-kimyəvi proseslər” adlı VII Ümumrusiya elmi konfransında iştirak edib.
Konfransın plenar iclasında M.Babanlı "Metal xalkogenidləri əsasında topoloji izolyatorların sintezinin fiziki-kimyəvi aspektləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın kimyaçı alimlərinin yeni nəsil funksional qeyri-üzvi materialların alınması və tədqiqi sahəsində son beş ildə əldə etdiyi nailiyyətlər öz əksini tapıb. Bildirilib ki, bu istiqamətdə tədqiqatlar multidissiplinar xarakterlidir və dünyanın bir sıra ölkələrinin (İspaniya, Almaniya, Fransa, İtaliya, İsveçrə, Yaponiya, Rusiya və s.) aparıcı elmi-tədqiqat müəssisələri ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Tədqiqatların nəticələri yüksək impakt faktorlu beynəlxalq jurnallarda (Nature Communications, Physical Review Letters, Physical Review B, Journal of Physical Chemistry, Journal of Alloys and Compounds və s.) 20-dən artıq məqalədə çap olunub.
Səfər çərçivəsində, həmçinin AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Voronej Dövlət Universitetinin kimya fakültəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir