www.science.az
20.11.2015 12:20

“İkinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

Noyabrın 19-da Qərb Universitetində bu ali məktəbin və AMEA Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “İkinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Qərb Universitetinin rektoru, dosent Zemfira Məmmədova rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Tarix İnstitutunun sıx əməkdaşlıq etdiyini söyləyib. Rektor Azərbaycan elminin inkişafında və tarix elmimizin daha dərindən öyrənilməsində AMEA-nın və tarixçi alimlərimizin rolunu xüsusi vurğulayıb.

Konfransda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın yeri və rolundan söz açıb. Alim bu mövzunun yenidən ətraflı araşdırılmasına böyük ehtiyac olduğunu söyləyib.

Y.Mahmudov zaman-zaman xalqımıza qarşı həyata keçirilən soyqırımı və deportasiya siyasətindən söz açıb, qədim dövrlərdən başlayaraq bu günədək tarixi torpaqlarımızın yadelli işğalçılar tərəfindən zəbt edildiyini söyləyib.

Qeyd edilib ki, İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin digər xalqları kimi Azərbaycan xalqı da həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaətlər göstərib. İkinci Dünya müharibəsində döyüşən ordunun yanacaqla təminatında və faşizm üzərində Qələbədə Bakı neftinin, Azərbaycan alimlərinin, xalqımızın xüsusi yeri və rolu vardır. Vurğulanıb ki, zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz İkinci Dünya müharibəsi illərində iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov müharibə dövründə Bakı neftinin beynəlxalq və hərbi strateji əhəmiyyətindən danışıb. O, Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlığı, cəbhədə əsgərlərimizin göstərdikləri igidlikləri tarixi faktlarla diqqətə çatdırıb. Vurğulanıb ki, 1941-1945-ci illər müharibəsində Azərbaycandan orduya 700 minədək insan səfərbər olub ki, onların təxminən 11 min nəfərini qadınlar təşkil edib. Onlardan bir çoxu müharibənin gedişində böyük igidliklər göstərərək adını tarixin səhifələrinə qızıl hərflərlə yazıb. Bu illərdə SSRİ-də 110 milyon ton neft istehsal olunub ki, bunun 75,2 milyon tonu dörd ildə ölkəmizdə hasil edilib. Azərbaycan xalqının müharibəyə maddi yardımı da misilsiz olub.

Konfransda “İkinci Dünya müharibəsi və Bakı nefti”, “İkinci dünya müharibəsi haqqında tarixi yaddaş və nəsillərin varisliyi”, “Azərbaycanlılar İkinci Dünya müharibəsi cəbhələrində” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir