Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qeyri-neft sektorunun ixrac potensialı ölkədə innovativ və elmtutumlu məhsullara olan tələbi artırmaqla yanaşı, Akademiyanın rolunun daha da artdığını göstərməkdədir
20.11.2015 10:32
  • A-
  • A
  • A+

Qeyri-neft sektorunun ixrac potensialı ölkədə innovativ və elmtutumlu məhsullara olan tələbi artırmaqla yanaşı, Akademiyanın rolunun daha da artdığını göstərməkdədir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı geniş iclası keçirilib. Tədbirdə AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev “Qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması və sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması” mövzusunda çıxış edib.

Alim bildirib ki, Azərbaycan tarixən hidrokarbon ehtiyatları əsasında qurulmuş iqtisadi strukturu ilə fərqlənirdi. Lakin son illər hökumətin qarşıya qoyduğu strateji hədəflərdən biri qeyni-neft sektorunda ixrac potensialının artırılması kimi diqqətimizi çəkir. İstər “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında, istərsə də ayrı-ayrı dövlət proqramlarında sənayenin inkişafı, ixrac yönümlü əmtəə və xidmətlərin stimullaşdırılması, o cümlədən sahibkarlığın inkişafı xüsusi vurğulanır. “Qara qızıl”ı “İnsan kapitalı”na çevirmək tapşırığı da məhz bu qəbildən olan işlərin gücləndirilməsini şərtləndirir. Elm və tədqiqatın iştirakı olmadan, insan kapitalını gücləndirmək, ixrac zamanı rəqabətqabiliyyətli məhsulların reallaşdırılması çətinləşir. Bunları və qarşımıza qoyulmuş konkret təklifləri nəzərə alaraq, AMEA ölkəmizin qeyri-neft sektorunun inkişafına verə biləcəyi töhfələri daha da artırmaq məqsədi daşıyır.

Fətəli Abdullayev vurğulayıb ki, qeyri-neft sektorunun ixrac potensialı ölkədə innovativ və elm tutumlu məhsullara olan tələbi artırmaqla yanaşı, Akademiyanın rolunun daha da artdığını göstərməkdədir. Akademiyanın büdcədən asılılığının azaldılması ilə yanaşı, neftlə əlaqəli və qeyri-neft sektorlarında ixraca dəstək imkanlarımızı, o cümlədən milli iqtisadiyyatımızda baş verən son trendləri nəzərə alsaq, AMEA rəqabətqabiliyyətli, ixrac yönümlü iqtisadiyyatın qurulmasında birbaşa iştirak etməlidir.

Alim bildirib ki, on mindən artıq alim və mütəxəsisin çalışdığı, ölkəmizin ali elm qurumu olan AMEA illər boyu büdcədən asılı olaraq fəaliyyət göstərmiş, dövlətin fiskal yükünü azaltmaq üçün önəmli addımlar atmamışdır. Bunu nəzərə alaraq, AMEA rəhbərliyinin qarşıya qoyduğu “büdcədən asılılığı azaltmaq” tapşırı üçün artıq mühüm addımlar atılmaqdadır. Akademiyanın sənaye ilə əlaqələrinin gücləndirilməsi, sahibkarlıq subyektləri ilə birgə layihələrin icra edilməsi, o cümlədən öz elmi-tədqiqat, təcrübə-konstruktor işləri əsasında öz istehsal prosesinin təşkili büdcədənkənar bir fond formalaşdırmaqla, həm büdcə yükünü azaltmış, həm də ölkəmizin qeyri-neft sektorunun ixrac potensialını artırmış olacaq. AMEA Təcrübə-Sənaye Zavodunun yenidən qurulması, innovasiya fəaliyyətinin institutlaşdırılması və ümumilikdə 25 adda yeni məhsulun bazara çıxarılması bunun əyani sübutudur. Həmçinin, ayrı-ayrı elmi-tədqiqat institutlarımızda həyata keçirilən innovativ layihələrin aşkarlanaraq kommersiyalaşdırılması üçün intensiv olaraq görüş və müzakirələr keçirilir, beynəlxalq təcrübə öyrənilir, yeni təkliflər qiymətləndirilir.

Alim bildirib ki, tarixi inkişaf prosesində məntiqi olaraq inkişaf etmiş neftlə birbaşa və ya dolayı əlaqəsi olan elmi istiqamətlərimiz Akademiya olaraq, sahibkarlıq subyektlərinə və xarici investorlara maraqlı ola biləcək unikal texnologiya və biliklərin transferi imkanımız bu sahənin ekspertləri tərəfindən də xüsusi qeyd edilir. Artıq Akademiyanın sənaye ilə əlaqələrini gücləndirmək, müvafiq sektorlarda ixrac potensialı olan əmtəə və xidmətlərin istehsalında elmin rolunu artırmaq istiqamətində addımlar atılmağa başlanılıb. Sənaye zonalarının, biznes inkubatorların, texnoparkların və ümumilikdə real sektorun inkişafını elmsiz təsəvvür etmək mümkün olmadığından, ixrac potensialının artırılmasına töhfə verə biləcək bütün sahələrlə Akademiya birgə işləməyə hazırdır.

Son aylar dünya iqtisadiyyatında baş verən prosesləri və bunların ölkəmizin maliyyə resurslarına birbaşa təsirini nəzərə alsaq, ölkəmizin valyutasının xaricə axınının qarşısını almaq, yeni iş yerlərinin açılmasına təsir edə biləcək yerli istehsal müəssisələrinə dəstək olmaq, eləcə də neftdən asılı dövlət büdcəsində qeyri-neft sektorunun payını artırmaq qaçılmaz olmuşdur. Natiq  qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin müxtəlif çıxışlarında, o cümlədən AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdəki nitqində də vurğulandığı kimi, baş verən bu proseslərə cavab olaraq ölkəmizdə innovasiyalara üstünlük vermək, sahibkarlıq mühitini daha da yaxşılaşdırmaq olduqca vacibdir. Bu mənada kimya, fizika, kibernetika, aqrar və digər elm sahələrində dəyərli alim və mütəxəssislərimizin hazırladığı innovativ məhsulların sənayeyə tətbiq etmək, gənclərin elmə və innovativ sahibkarlığa marağını artırmaq üçün AMEA İşlər İdarəsi olaraq qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün çalışacağıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: