www.science.az
17.12.2013 00:00

6 qrant layihəsi qəbul olunub

12-13 dekabr tarixlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) İnzibati Şurasının illik hesabatı dinlənilib. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, UETM-in icraçı direktoru Maykl Eynik, Gürcüstanın təhsil və elm nazirinin müavini Tamaz Marsagişvili, ABŞ, Moldova və digər ölkələrin nümayəndələri iştirak ediblər. 

Görüşdə AMEA institutlarının mərkəzə təqdim etdiyi qrant layihələrinin müzakirəsi aparılıb və nəticələri elan olunub. Müzakirə olunan layihələr kimya, fizika, aqrar elmlər, səhiyyə, nanotexnologiya səhalərini əhatə edir. 

AMEA-nın müxtəlif institutlarından 2013-cü ilin qrant proqramları üçün təqdim olunmuş 14 layihədən 6-sı qəbul edilib. 

Layihələr “Bakı buxtasının sahilyanı zonasında neft çirklənməsinin bioloji təmizlənməsi” (AMEA Aşqarlar Kimyası İnstitutu), “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına keçid və yeni biotexnologiyaların tətbiqi problemləri” (AMEA Genetik Ehtiyatlar İnstitutu), “Xəzər dənizinə axıdılan tullantı sularının biotexnoloji üsullarla təmizlənməsi metodlarının işlənib hazırlanması” (AMEA Radiasiya Problemləri İnstitutu), “Azərbaycan hüdudlarında Xəzər dənizinin sahil boyu sularının ekoloji-mikrobioloji vəziyyətinin tədqiqi və neft karbohidrogenlərdən təmizlənməsi üçün biometodların hazırlanması” (AMEA Mikrobiologiya İnstitutu vəAMEA Kimya Problemləri İnstitutu), “Şimal-Şərqi Azərbaycanda texnogen radionuklidlərin və insektisidlərin yastıcıların (Homoptera, Coccoidea) entomofaqlarına təsiri” (AMEA Zoologiya İnstitutu), “Bakı və Gəncəətrafı çirklənmiş torpaqların bitkilərlə təmizlənməsinin yeni üsullarının işlənib hazırlanması” (AMEA Botanika İnstitutu və Azərbaycan Dövlət Aqrar Universiteti) mövzularını əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.