www.science.az
20.11.2015 09:52

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlər müzakirə olunub

Noyabrın 18-də AMEA Rəyasət Heyətinin geniş iclasında Akademiyanın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlər müzakirə olunub. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geofiziki kəşfiyyat üsulları kafedrasının müdiri, akademik Pərviz Məmmədov Prezident İlham Əliyevin yubiley tədbirində səsləndirdiyi "Azərbaycanın neft-qaz sənayesinin inkişafı ilə əlaqədar araşdırmaların bundan sonra da uğurla davam etdirilməsi" fikri haqqında çıxış edib.

Pərviz Məmmədov bir neçə gün əvvəl Akademiyanın 70 illik yubileyinin yüksək səviyyədə keçirildiyini bir daha vurğulayıb. Bildirib ki, son 70 il ərzində AMEA-nın alimləri və əməkdaşları Azərbaycan elminin müxtəlif sahələrinin inkişafında gərgin əmək sərf edib, elmə böyük töhfələr veriblər. Bu müddətdə klassik, fundamental elmi istiqamətlərlə yanaşı, bir neçə yeni istiqamətlər üzrə elmi məktəblər yaranıb və inkişaf edib. Yer Elmləri və onun tərkib hissəsi olan geofizika elminin bu sırada olduğunu deyən alim ölkənin neft-qaz sənayesinin inkişafında geofiziki kəşfiyyatın müstəsna rola malik olduğunu vurğulayıb.

Akademik qeyd edib ki, Yer Elmləri, xüsusilə neft-qaz geologiyası və geofizika elmləri ənənəvi olaraq Azərbaycan elminin möhtəşəm qanadı olub, böyük miqyaslı elmi nailiyyətlər və kəşflər məhz bu elmin istiqamətində qazanılıb.

Ötən əsrdə geofizikanın əsas üsulları olan qravimetriya və maqnitometriyanın ilk sınaq məkanının Abşeron yarımadası olduğunu deyən Pərviz Məmmədov bu üsulların 1930-cu illərdə ilk dəfə məhz Azərbaycanda tədbiq olunduğunu diqqətə çatdırıb.

Akademik bildirib ki, 1980-ci illərdə yüksək informattivli ümümi dərinlik nöqtəsi üsulunun ilk dəfə dənizdə tətbiqində də Azərbaycanlı geofizika alimləri və mütəxəssisləri fəal iştirak ediblər. “Xəzərdənizneftgeofizika” trestinin mütəxəssislərinin səyi ilə seysmik kəşfiyyatda anoloq yazı stansiyalarının rəqəmli yazı stansiyaları ilə əvəzlənməsi nəticəsində seysmik kəşfiyyatın səmərəliliyi və həlledicilik qabiliyyəti yüksəlib. Qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonlarında komputerləşmiş seysmik stansiyalar və yüksək tezlikli yönəltmə sistemləri olan texnologiya dəniz seysmik kəşfiyyatında təbliğ olunub. Həmin vaxtlardan başlayaraq seysmik materialların interpretasiyasında seysmostratiqrafik analiz üsulunun tətbiqi çöküntülərin toplanma şəraiti və litofasial tərkibinin öyrənilməsinə, qeyri-antiklinal tipli tələlərin aşkarlanmasına geniş imkanlar yaradıb.

Pərviz Məmmədov vurğulayıb ki, seysmik kəşfiyyatın yeni mərhələsi-neftli-qazlı strukturlarda üç ölçülü (3D) müşahidələr ilk dəfə 1989-cu ildə Azəri yatağında, sonralar isə Çıraq, Günəşli, Şahdəniz və Ümid yataqlarında 15000 km həcmində aparılıb.

Cənubi Xəzər hövzəsinin əsas problemlərindən birinin onun kristallik özülünün genezisini və böyük dərinliklərdə yatan mezozoy çöküntülərinin quruluşunu və neft-qazlılıq perspektivlərini dəqiqləşdirmək olduğunu deyən alim bu problemlərin həllinin hövzənin karbohidrogen potensialının qiymətləndirilməsi üçün labüdlüyünü qeyd edib.

Müstəqilliyimizin ilk illərində bu sahədə müəyyən problemlərin yarandığını deyən alim Ümummilli lider Heydər Əliyevin neft strategiyası sayəsində çətinliklərin aradan qaldırıldığını vurğulayıb.

Pərviz Məmmədov qeyd edib ki, son illərin məlumatlarına görə Azərbaycanın sübut olunmuş neft ehtiyatları 2 milyard ton, qaz ehtiyatları 2.55 trl. kub metr qiymətləndirilir. Potensial ehtiyatlar isə bu rəqəmlərdən təxminən 1,5 dəfə çoxdur. Ölkənin karbohidrogen ehtiyatlarının 10-15 milyard ton şərti neft ekvivalentinə bərabər olduğunu bildirən akademik hazırda nəhəng Azəri-Çıraq-Günəşli neft yatağında və Şahdəniz qaz yatağında hasilatın ciddi artdığını və hər gün 80-90 min tona yaxın neft, 500 mln kub metr qaz çıxarıldığını vurğulayıb. Bu gün “Əsrin Müqaviləsi”nin uğurlu nəticələri olaraq neftin və qazın böyük həcmdə hasilatı və nəqli layihələri böyük uğurla reallaşır.

Akademik ölkə başçısı İlham Əliyevin “Azərbaycan elminin inkişaf strategiyası və onun inkişafı üçün dövlət proqramı” və prezident yanında “Elmin İnkişafı Fondu”nun yaradılması haqqında sərəncamlarının Azərbaycan elminin yenidən təşkili və beynəlxalq informasiya sahəsinə inteqrasiyasına zəmin yaratdığını bildirib.      

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir