Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Fəxrəddin Qədirovun çıxışı
20.11.2015 09:32
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Fəxrəddin Qədirovun çıxışı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib. Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Prezident İlham Əliyevin yubiley tədbirində səsləndirdiyi "ölkədə kosmik sənayenin inkişafı ilə əlaqədar olaraq bu sahədə beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən yüksək texnologiyalara dair araşdırmaların ölkəmizdə də aparılmasının təmin edilməsi" fikri haqqında çıxış edib.

Akademik bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  AMEA-nın 70 illik yubiley tədbirindəki nitqində ən müasir texnologiyaların Azərbaycana gətirilməsi və tətbiq edilməsinin gələcək tədqiqatlara töhfə verdiyini, alimlərin işlərini bu texnologiyalar əsasında daha səmərəli qura biləcəklərini xüsusi vurğulayıb. Alim ölkə rəhbərinin yubileydəki çıxışında haqqında danışdığı texnologiyalardan birinin kosmik sənayenin inkişafı ilə bağlı olduğunu deyib.

2013-cü ilin fevralın 8-də Fransanın “Ariane-5” daşıyıcı raketi ilə Azərbaycanın birinci telekommunikasiya peyki "AZƏRSPACE - 1"in geostasionar orbitə buraxıldığını xatırladan Fəxrəddin Qədirov bildirib ki, bununla da BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub və kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürüb.

Akademik vurğulayıb ki, 2014-cü ilin sonlarında Azərbaycan artıq özünün yer səthinin müşahidəsi üçün aşağı orbitli peykini əldə edib. Bu peykin orbitə çıxarılması AMEA-da yer haqqında elmlər sahəsində aparılan fundamental tədqiqatlar, Xəzər dənizi və digər kiçik su hövzələri, neft elminin gələcək inkişafı, geoloji kəşfiyyat və faydalı qazıntıların axtarılması, seysmologiya, coğrafiya, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya sahəsində tədqiqatların davam etdirilməsi ilə bağlı problemlərin müasir üsullarla həllində mühüm rol oynayacağına və səmərəli olacağına zəmanət yaradır.

Ötən il oktyabrın 24-də Müstəqil Dövlətlər Birliyi ölkələrinin nümayəndələrinin iştirakı ilə V kosmik fəaliyyət sahəsində əməkdaşlığa həsr edilmiş iclas keçirildiyini deyən akademik tədbirdə hökumətlər arası beynəlxalq  “Birləşmiş kosmik tədqiqatlar institutunun” yaradılması haqqında razılıq protokolunun imzalandığını əlavə edib.

Fəxrəddin Qədirov kosmik sənaye və bununla bağlı texnologiyaların cəmiyyət üçün ən müasir prioritet istiqamətlərindən biri olduğunu söyləyib. Qeyd edib ki, kosmik proqram və texnologiyaların inkişafı dövlətin iqtisadi, elmi-texniki, müdafiə gücünü göstərir.

Akademik respublikamızda xalq təsərrüfatının ən aparıcı sahəsinə çevrilməkdə olan kosmik fəaliyyətdə bir neçə mühüm istiqamətlərə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Həmin istiqamətlər sırasında peyk-kosmik texnikanın yaradılması, kosmos şəraitində sınaqdan keçirilməsi, kosmik texnikanın rabitə, TV və radio verilişləri məqsədi ilə istifadə edilməsi, Yerin məsafədən zondlanması, ekoloji monitorinq, naviqasiya və topogeodeziya sistemlərində istifadəsi, elmi məqsədlər (zəlzələ və vulkan təhlükələri, səhralaşma və s.) kimi məsələrin yer aldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin yubiley tədbirində səsləndirdiyi “Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıb” fikrini xatırladan Fəxrəddin Qədirov bu sahə üçün kadr hazırlanmasının vacibliyindən danışıb. Bildirib ki, bu məsələni nəzərə alaraq “Kosmik texnika və texnologiya” ixtisası üzrə Azərbaycanda bakalavr və magistr hazırlanmasına başlanılmasını məqsədə uyğun hesab etmək olar.

Fəxrəddin Qədirov ölkədə kosmik sənayenin inkişafı ilə əlaqədar bu sahədə beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən yüksək texnologiyalara dair araşdırmaların aparılmasının təmin edilməsində AMEA-nın potensial elmi imkanlarının olduğunu vurğualyıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: