www.science.az
19.11.2015 17:24

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülən bir qrup alim və mütəxəssis arasında Azərbaycanın ən qocaman və ilk informatik alimi İsmayıl İbrahimov da vardır. Prezidentin sərəncamı ilə Əməkdar elm xadimi, akademik İsmayıl Əli oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif olunub.

“Şərəf” ordenini alimə öz evində AMEA prezidenti, akademik Akif Əlizadə təqdim edərək bu il 100 yaşını qeyd edəcək görkəmli elm xadimini təbrik edib, ona can sağlığı arzulayıb. İsmayil İbrahimov göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Həyatın hər çətinliyi ilə üzləşən qocaman alim bir əsrlik həyatının son gününə qədər elmlə məşğul olacağını deyib. “Çünki, elm cəmiyyətin inkişafına, rifahına xidmət edir”. Tanınmış alim yaşının bu müdrik çağında da Azərbaycan elminə dəyərli töhfələr verməkdə davam edir. Kompüterləşdirmə və informasiyalaşdırma problemləri onun elmi fəaliyyətində bu gün də əsas yer tutur.

Azərbaycanın ilk informatik alimi istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Elmdə əldə etdiyi nailiyyətləri və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə saysız-hesabsız Fəxri Fərman, orden və mükafatlarla təltif edilmişdir.

İ.İbrahimov AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan “Elektron elm” proqramı layihəsinin elmi məsləhətçisidir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri vardır. Nəzarət ölçü cihazları üzrə ilk mütəxəssisdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir