www.science.az
18.11.2015 14:02

AMEA prezidenti Fransada törədilmiş terror aktı ilə bağlı başsağlığı verib

AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və AMEA-nın İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev Fransanın Azərbaycandakı səfirliyində olublar.

AMEA rəhbərliyi noyabrın 13-də Paris şəhərində törədilmiş terror aktı ilə bağlı Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xanım Orelia Buşezə başsağlığı verib. AMEA prezidenti ötən həftə keçirilən Akademiyanın 70-illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı multikulturalizm və dini tolerantlıq ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb. Akademik bildirib ki, multikulturalizmin Azərbaycanda dövlət siyasəti və eyni zamanda, ictimai sifariş olduğunu qeyd edən ölkə başçısı Azərbaycan alimləri qarşısında da bu mövzu ilə bağlı əhəmiyyətli vəzifələrin durduğunu vurğulayıb.

Səfir Orelia Buşezlə söhbətində akademik Akif Əlizadə bildirib ki, Azərbaycan alimləri Parisdə baş verən terror hadisəsindən çox sarsılıb, bununla əlaqədar Fransa xalqına başsağlığı verir və səbr diləyir.

“Azərbaycan xalqı dəfələrlə terrora məruz qalmış və bəşəri cinayətlərə qarşı mübarizə aparmışdır. Biz, alimlər də terroru pisləyir, rədd edir və Fransa xalqı ilə həmrəylik nümayiş etdiririk. Allah rəhmət eləsin!”

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir