www.science.az
18.12.2013 00:00

AMEA Azad Həmkarlar İttifaqının yaradılmasının 20 illik yubileyi qeyd olunacaq

Bununla bağlı qərar AMEA prezidenti, akademik Akif Əlizadənin Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri ilə görüş zamanı qəbul olunub.

Görüşdə A.Əlizadə AMEA-da aparılan islahatlar və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verib.

A.Əlizadə qeyd edib ki, Həmkarlar İttifaqı istər elmi problemlərin həllində, istərsə də, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində yaxından iştirak etməlidir.

AMEA Azad Həmkarlar İttifaqının sədri, tarix üzrə fəlsəfə doktoru Adil Mirabdullayev Rəyasət Heyəti ilə imzalanmış kollektiv sazişdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Azad Həmkarlar İttifaqının üzvləri Arif Əfəndi, Abuzər Ələkbərov, Səyyar Abdullayev və başqaları AMEA-nın maddi texniki bazasının təkmilləşdirilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması və s. sahələrdə görülən işləri yüksək qiymətləndiriblər.

A.Ələkbərov akademiyanın bir sıra aparıcı elmi-tədqiqat institutlarının rəhbərliyi və gənc alimləri ilə keçirdiyi görüşlərdə gənc alimlərin elmi əlaqələrinin genişləndirilməsi üçün yay məktəblərinin təşkili, əməkdaşların mənzil-məişət məsələlərinin yaxşılaşdırılması məqsədi ilə kooperativ binaların tikilməsi üçün güzəştli ipoteka kreditlərinin alınması, gənclərin elmə cəlb edilməsi məqsədi ilə Tədbirlər planının hazırlanması, əməkdaşlara dövlət qulluqçusu statusunun verilməsi barədə dövlət orqanları qarşısında məsələ qaldırılması və s. ilə bağlı irəli sürülmüş təklifləri A.Əlizadənin nəzərinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.