www.science.az
16.11.2015 15:35

Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib

AMEA Fizika İnstitutunda Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin iclası keçirilib.

İclasda bölmə institutlarının nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev də iştirak edib. İclası giriş sözü ilə institutun direktoru, bölmənin akademik katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov açıb. İlk olaraq o, institutda qonaq olan Polşa Respublikası Nikolay Kopernik Universitetinin Astronomiya Mərkəzinin əməkdaşı Jacek Krelovskini iclas iştirakçılarına təqdim edib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Namiq Cəlilov astrofizika elmi haqqında məlumat verərək qeyd edib ki, bu sahə artıq ümumdünyəvi elm səviyyəsinə çatıb və Azərbaycanda da xeyli inkişaf edib. Bildirilib ki, bütün bu amilləri nəzərə alaraq ŞAR beynəlxalq əlaqələrini genişləndirir. Bu məqsədlə professor J.Krelovski Rəsədxanaya dəvət olunub. On günlük səfər çərçivəsində əməkdaşlıq imkanları müzakirə ediləcək, cihazlar nəzərdən keçiriləcək və eləcə də qonaq məruzəsində ŞAR-ın perspektivləri haqqında məlumat verəcək.

İclas J.Krelovskinin “Şamaxı Astrofizika Rəsədxanasında ulduzlararası ətraf mühitin tədqiqinin prespektivləri” mövzusunda elmi məruzəsi ilə davam edib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

İclasın sonunda AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq Rəyasət Heyətinin İnstitutların əməkdaşlarının fəxri fərmanlarla təltif olunması haqqında qərarına əsasən, Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin alimlərinə fəxri fərmanlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir