Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Dahi azərbaycanlı Heydər Əliyev” mövzusunda konfrans keçirilib
16.11.2015 10:36
  • A-
  • A
  • A+

“Dahi azərbaycanlı Heydər Əliyev” mövzusunda konfrans keçirilib

Noyabrın 12-də Bakı Atatürk Liseyində AMEA Tarix İnstitutu və liseyin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Dahi azərbaycanlı Heydər Əliyev” mövzusunda konfrans keçirilib.

Konfransda liseyin direktoru Əli Devrim məktəblilər arasında tarixi şəxsiyyətlərin tanıdılmasında və təbliğ edilməsində layihənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladan direktor Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, elm və təhsil sahələrində əməkdaşlıq perspektivlərindən bəhs edib.

Layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov geniş çıxışında Azərbaycanın tarixi keçmişindən, Türkiyə ilə Azərbaycanın birliyindən, Vikipediyada tarixi şəxsiyyətlərimizə qarşı təxribatlardan söz açıb. Y.Mahmudov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib: “1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizdə vətəndaş müharibəsi və xaosun qarşısı alınıb”. 

Tarixçi-alim bu layihənin Bakının digər məktəblərində, eləcə də Azərbaycanın bölgələrində davam etdiriləcəyini bildirib. 

Daha sonra layihənin təşkilat komitəsinin üzvü, gənc tarixçi Röya Yaqubova “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi haqqında qısa məlumat verərək bildirib ki, layihə çərçivəsində ilk konfrans görkəmli dövlət xadimi Şah İsmayıl Səfəviyə həsr olunmuşdur.

Tədbirdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak edib. O, görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətimiz qarşısında tarixi xidmətlərindən danışıb.

Konfransda, həmçinin Türkiyənin Qazi Universitetinin professoru Selma Yel, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, Mirzə Ələkbər Sabir Fondunun prezidenti, dosent Sevda Tahirli, və AMEA Tarix İnstitutunun əməkdaşları da  iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: