Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan akademik elmi son 70 ildə
13.11.2015 10:30
  • A-
  • A
  • A+

Azərbaycan akademik elmi son 70 ildə

“Çoxəsrlik tariximiz özünün böyük elmi və görkəmli alimləri ilə məşhurdur”

Heydər ƏLİYEV

XX əsrdə Azərbaycan xalqının sosial-iqtisadi və mədəni tərəqqisində, qədim və zəngin ənənələrə malik intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynamış Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 70 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu əlamətdar hadisənin yüksək səviyyədə qeyd edilməsi üçün sərəncam imzalamışdır.

Akademiyanın 70 illik yubileyinin təsadüf etdiyi hazırkı dövr müstəqil Azərbaycan üçün intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması ilə xarakterikdir. Ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan hazırda sosial-iqtisadi, ictimai-siyasi və mədəni quruculuq sahələrində sürətlə irəliləməkdə, regionun lider dövlətinə çevrilərək sivil dünyaya inteqrasiya olunmaqdadır. Bu sürətli inkişafın əsasında ölkəmizin təbii resursları ilə intellektual potensialının vəhdəti, maddi kapitalı insan kapitalına çevirmək strategiyası dayanır. Belə bir şəraitdə milli intellektual potensialın əsas mərkəzi olan AMEA-nın yubileyi böyük məna kəsb edir, şərəfli keçmişə hörmət və ehtiramla yanaşı, ümummilli inkişafın gələcək strateji oriyentirləri üzərində düşüncələrə rəvac verir.

Azərbaycanın tarixində dönüş mərhələləri və zəfərlərlə zəngin əlamətdar səhifələr az olmasa da, son 100 ildə xalqımızın keçdiyi tarixi inkişaf yolunda Elmlər Akademiyasının yaradılması müstəsna yer tutur. Azərbaycan müstəqillik yollarında gələcəyə doğru irəlilədikcə, milli elmi təfəkkür mərkəzinin - Azərbaycanın intellektual ocağının yaradılması daha böyük əhəmiyyət daşıyır. Buna görə də akademiyanın yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar hadisədir. Biz daim ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutaraq bir daha qeyd edirik ki, XX əsrdə bu elm məbədinin inkişaf tarixinin böyük mərhələsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlı olmuş, Azərbaycan elmi məhz onun fəaliyyəti sayəsində uğurlara imza atmışdır. Elmin cəmiyyətdəki rolunu, prioritet istiqamətlərdə elmin yüksələn inkişafının təmin edilməsinin zəruriliyini dərindən dərk edən Heydər Əliyev demişdir: “İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir”.

Bəşəriyyətin qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycanda professional elmi təfəkkürün formalaşması orta əsrlərə aid edilsə də, onun müasir Avropa elmi ənənələri ilə sintezindən yaranan keyfiyyətcə yeni mərhələsinin meydana gəlməsi XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf edir. Elmi fikir tariximizin bu mərhələsi özündə neçə-neçə məşhur simaları birləşdirir. Onların sırasında akademiyanın təməl daşlarını qoyan görkəmli elm adamları, ziyalılar, mütəfəkkir şəxsiyyətlər xüsusi yer tuturlar. Görkəmli həkim-alimlər Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşov, dahi bəstəkar və maarifçi Üzeyir bəy Hacıbəyli, sovet kimyaçılar məktəbinin dünya miqyasında nüfuzlu nümayəndəsi Yusif Məmmədəliyev, geologiya elmimizin baniləri Şamil Əzizbəyov, Əliəşrəf Əlizadə və Mirəli Qaşqay, ədəbi irsləri bu gün də azərbaycançılığın zirvəsində duran Səməd Vurğun və Mirzə İbrahimov, fəlsəfə məktəbinin görkəmli nümayəndəsi Heydər Hüseynov, milli memarlığın layiqli nümayəndələri Sadıq Dadaşov, Mikayıl Useynov və neçə-neçə başqaları bu qəbildəndir. Tarixən sosial-mədəni inteqrasiyaya açıq, dünyanın fərqli mədəniyyətləri ilə daim ünsiyyətdə olan Azərbaycanda elmi fikir və axtarışlar dünya elminin ən görkəmli nümayəndələri ilə qarşılıqlı əlaqədə formalaşıb. Bu ənənə akademiyanın yarandığı dövrdə də davam etmişdir. Bu elm məbədinin təşəkkülündə, milli elmi kadrların hazırlanmasında yaxından iştirak edənlərin sırasında İ.Qubkin, F.Levinson-Lessinq, S.Namyotkin kimi dünya şöhrətli rus alimləri də vardır. İlk akademiklər - AMEA-nın təsisçiləri sırasında dünya elminin layiqli nümayəndələri sayılan İosif Yesman, İvan Şirokoqorov, Aleksandr Qrossheym kimi alimlər də olmuşdur.

Qədim sivilizasiyanın əsas məskənlərindən biri olan Azərbaycanda ən qədim dövrlərdən folklor, ədəbiyyat, fəlsəfə, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və s. elm sahələri bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir.

Azərbaycanın tarixi ərazisində ilk yazılı elmi əsərlərə isə İslam dininin qəbulundan sonrakı dövrlərdə rast gəlinir. IX əsrdə məşhur “Hikmət evi” (“Beytül-hikmət”) adlı Bağdad Akademiyasının meydana gəlməsi müsəlman sivilizasiyasında, o cümlədən Azərbaycanda elmin inkişafına ciddi təkan vermişdir. Bu, öz dövrü üçün güclü elmi kadrları olan, müxtəlif elm sahələrini - riyaziyyat, tibb, biologiya, astronomiya, həndəsəni öyrənən elm ocağı idi.

Orta əsrlərdə Azərbaycanın Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Şamaxı, Marağa, Urmiyə və digər şəhərlərində çoxsaylı elmi mərkəzlər fəaliyyətə başlamışdır ki, onlar da vahid Azərbaycan elmi mühitinin tərkib hissələri idi.

Elmin inkişafından danışarkən Nəsirəddin Tusinin əsasını qoyduğu Marağa rəsədxanasını və onun dövrünə görə olduqca güclü maddi-texniki bazasını da xüsusi qeyd etmək lazımdır. Azərbaycan elmi-ictimai və bədii-fəlsəfi düşüncəsinin dünyaya bəxş etdiyi görkəmli mütəfəkkirlərdən Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Fələki Şirvaninin, Fazil Şirvani, Əminəddin Müzəffər Təbrizinin, Müxdəsəddin Səlmasinin və başqalarının əsərlərində olduqca dəyərli elmi və bədii-fəlsəfi fikirlər öz əksini tapıb.

XV-XVIII əsrlərdə İslam mədəniyyətinin çiçəklənmə dövrünün başa çatması ilə müsəlman ölkələrində elm və təhsilin inkişaf dinamikası dəyişsə də, Azərbaycandakı elmi mərkəzlər fəaliyyətlərini davam etdirir. Həmin dövrdə Əbdürrəşid Bakuvi Azərbaycanın insan sağlamlığına müalicəvi təsir edən təbii sərvətlərini tədqiq edir. O, həmçinin ölkənin coğrafiyası və təbiəti ilə bağlı qiymətli məlumatlar vermişdir.

XIX əsr Azərbaycan tarixində bir neçə aspektdə dönüş nöqtəsi sayıla bilər. Bu dəyişmənin əsasında başlıca olaraq Azərbaycanın coğrafi, siyasi və mədəni cəhətdən ikiyə bölünməsi dayanır. Məlum tarixi hadisələr nəticəsində iki yerə parçalanan Azərbaycan bu dövrdən fərqli geomədəni mühitlərdə inkişaf etməyə başlayır. Azərbaycanın Cənubi İran ərazisində orta əsrlərə məxsus sosiomədəni mühitdə qalmaqda davam edir, şimal hissəsi isə Rusiya və Avropa elmi-mədəni mühitinə inteqrasiya mərhələsinə qədəm qoyur. Bu ictimai-siyasi hadisələrin təsiri ilə də Qərb və Şərq mədəniyyətlərinin qovuşuğunda yerləşən Azərbaycan hər iki sivilizasiyanı birləşdirən körpü rolunu oynamağa başlayır.

Bu amil Azərbaycanda maarifçiliyin vüsət almasına şərait yaradır. Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov ciddi işlər görürlər. Azərbaycanın təhsil ocaqlarında və elmi mərkəzlərində dünyəvi elmlərin öyrənilməsinə üstünlük verilməyə başlanır.

XX əsrin əvvəllərində zəngin azərbaycanlıların mesenatlığı sayəsində cəmiyyətdə yüksək təhsilli intellekt sahiblərinin sayı artır. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov və başqaları milli mədəniyyətin və oyanışın intişarında ciddi rol oynayırlar.

Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) mühüm rolu oldu. Bakı Dövlət Universitetinin yaradılması (1919-cu il) və Avropa ali məktəblərinə azərbaycanlı tələbələrin göndərilməsi bu aspektdə atılan mühüm addımlardan idi.

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra da müxtəlif elm sahələrini öyrənən elmi-tədqiqat qurumlarının genişləndirilməsi davam etdi. Bu sırada ilk olaraq Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətini (1922-1923) qeyd etmək olar. Onun əsasında Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu yaradıldı (1923). Artıq burada humanitar, təbiət elmlərini və Şərqi öyrənən bölmələr vardı. Bu cəmiyyəti və institutu Azərbaycanda akademik tədqiqatların təşkilinin ilk formaları hesab etmək olar. Məhz cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil olundu. Burada rus alimləri ilə yanaşı, Ə.Haqverdiyev, B.Çobanzadə, M.Əfəndiyev, A.Tağızadə və başqa alimlər çalışırdılar. 1935-ci ildə həmin şöbə SSRİ EA-nın Azərbaycan Filialına çevrildi. Burada Azərbaycanın təbii sərvətlərinin tədqiqinə də xüsusi diqqət yetirilirdi. O səbəbdən də Elmi Tədqiqat Neft İnstitutu və Azərbaycan Elmi Tədqiqat Neft Maşınqayırma İnstitutu təsis edildi.

Artıq 1940-cı ildə respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. 1938-ci ildə SSRİ EA Azərbaycan Filialında 16 elmlər doktoru, professor və 20 elmlər namizədi var idisə, 1941-ci ildə onların sayı müvafiq olaraq 21 və 161-ə çatdı. 1945-ci ildə respublikada 3 minə yaxın elmi işçi tədqiqatla və pedaqoji fəaliyyətlə məşğul idi.

Ötən əsrin 30-40-cı illərində müvafiq elmi infrastrukturun formalaşması, elmi fəaliyyət sahəsində əldə edilmiş uğurlar müstəqil akademik qurumun yaradılmasını zərurətə çevirdi. Belə bir zərurətin nəticəsi olaraq 1945-ci il martın 27-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı əsasında Azərbaycan Elmlər Akademiyası yaradıldı.

Azərbaycan Elmlər Akademiyasının tarixini şərti olaraq bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ 1945 -1970-ci illəri əhatə edir və əsasən onun təşkili və formalaşması ilə xarakterizə olunur. Akademiyanın 15 nəfərdən ibarət ilk tərkibi Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən təsdiq edildi. Onlar ilk təsisçilər kimi öz adlarını akademiyanın tarixinə əbədi olaraq həkk etdilər.

Akademiya üzvlərinin 1945-ci il martın 31-də keçirilmiş ilk ümumi iclasında prezident seçilən akademik Mirəsədulla Mirqasımov deyirdi ki, Azərbaycan Elmlər Akademiyasının təşkili respublikada mədəni və elmi quruculuğun yeni mərhələsini ifadə edir, bu, Azərbaycan xalqı və onun bütün elmi ictimaiyyəti üçün böyük, sevincli bir bayramdır.

1945-ci ildə Elmlər Akademiyasının tərkibində 4 bölmə, 16 elmi tədqiqat institutu, 2 elmi tədqiqat şöbəsi və 3 muzey vardı. Bunlardan başqa Mərkəzi Elmi Kitabxana, Naxçıvanda, Gəncədə, Xankəndidə elmi bazalar mövcud idi. 1970-ci ildə artıq elmi idarələrin sayı 142-yə çatdırılmışdı. Sonrakı illərdə görkəmli alimlər Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983) akademiyaya rəhbərlik etmişlər.

1945-1970-ci illərdə Azərbaycan alimləri çox sayda elmi nailiyyətlərə imza atmışlar. Hidroenergetika, Yer təkindəki faydalı qazıntıların geoloji quruluşunun, neftin kimyəvi tərkibinin öyrənilməsi, reaktiv mühərriklər üçün yanacaq istehsalı, yüksək keyfiyyətli dizel yanacağının alınma texnologiyası, bitkilərin fiziologiyasının tədqiqi, Azərbaycan faunasının öyrənilməsi istiqamətində sistemli elmi araşdırmalar aparılmışdır. Həmin dövrdə arxeoloji qazıntılar da daha geniş miqyas almış, ölkənin tarixi, fəlsəfi və ədəbi fikir tarixinin, cərəyanlarının, dilçilik və mədəniyyət problemlərinin yeni səviyyədə tədqiqi xeyli genişlənmişdi.

Akademiya tarixində ən parlaq mərhələ 1970-1985-ci illəri əhatə edir. Bu mərhələ həm də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə ən böyük uğurlardan biri elm və istehsalat arasında əlaqənin yaradılması idi. 1970-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.Keldışı Azərbaycana dəvət edərək onunla görüşür. Bu görüşdən sonra o vaxtlar böyük əhəmiyyət kəsb edən, o dövr üçün superkompüter səviyyəsində olan BGSM hesablama maşını akademiyaya verilir. Bunun nəticəsində respublikada proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və başqa sahələrdə alimlər, mütəxəssislər ordusu formalaşmağa başlayır. Sənayenin inkişafı, onun strukturunun təkmilləşdirilməsi yolunda çox ciddi, nəticəsi böyük olan proqram hazırlanır. Riyaziyyat, fizika elmləri sürətlə inkişaf edir və dünyada tanınan elmi məktəb kimi formalaşır.

Akademiyanın 1970-1980-ci illərdəki inkişafından danışarkən geoloji tədqiqatlar üzərində xüsusi dayanmaq lazım gəlir. Heç şübhəsiz, həm sovet hakimiyyəti illərində, həm də sonrakı dövrlərdə Azərbaycanın neft strategiyasının reallaşmasında geoloji tədqiqatların xüsusi rolu olmuşdur. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Geologiya İnstitutunda aparılan tədqiqatlar nəticəsində müxtəlif ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi və perspektivlərinin dəyərləndirilməsi üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr tərtib edilmişdir ki, bu xəritələr bir sıra neft yataqlarının, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində mühüm rol oynamışdır.

Akademiyanın fəaliyyətində nəzərə çarpan istiqamətlərdən biri milli elmi kadrların hazırlanması idi. Akademik M.Keldışın Azərbaycana gəlişindən sonra SSRİ Elmlər Akademiyasının müvafiq institutlarında respublikamızın istedadlı gəncləri üçün məqsədli aspiranturalara yerlər ayrılmağa başlandı, elm və təhsil mərkəzlərində təcrübə keçmək üçün mütəxəssislər göndərildi, müvafiq elm sahəsinin mənimsənilməsi, sonradan ölkəmizə transformasiya olunması istiqamətində mühüm işlər görüldü.

O illərdə akademiyada xüsusi inkişaf edən sahələrdən biri humanitar və ictimai elmlər idi. Azərbaycan ədəbiyyatı, folkloru, mədəniyyəti, incəsənəti və tarixi üzrə elmi tədqiqatlar genişləndi və onların təbliği gücləndirildi. Azərbaycanın görkəmli elm xadimlərinin, ədəbiyyat, mədəniyyət, incəsənət korifeylərinin yubileyləri təşkil edildi. Vaqifin möhtəşəm məqbərəsi tikildi, Hüseyn Cavidin nəşi vətənə gətirildi. Dilçilik sahəsindəki tədqiqatları da xüsusi qeyd etmək lazımdır.

1980-1993-cü illəri akademiyanın tarixində növbəti mərhələ kimi xarakterizə etmək lazımdır. Bu müddət üçün xarakterik olan cəhət əvvəlki illərdə formalaşmış struktur-funksoinal göstəricilərin, tanınmış elmi məktəblərin, elmi ənənələrin inersial saxlanması idi. Formalaşmış elmi ənənələr hesabına EA-nın elmi tədqiqat institutları fəaliyyətlərini davam etdirir, SSRİ-nin müxtəlif elm mərkəzlərinə kadrlar göndərilir, riyaziyyat, fizika, kimya, geologiya, biologiya və başqa sahələrdə tədqiqatlar həyata keçirilirdi.

1990-cı illərin əvvəllərində baş verən proseslər, yeni transformasiyalar müstəqil Azərbaycanın yeni doktrinasını, prioritetlərini müəyyənləşdirmək zərurətini ortaya çıxardı. Müstəqil Azərbaycanın ideoloji, siyasi, iqtisadi sferalarında mövcud problemlərini müəyyənləşdirmək və həlli yollarını göstərmək ilk növbədə elmin vəzifəsi idi. Təəssüf ki, həmin illərdə Azərbaycan elminin düşdüyü ağır vəziyyət bu funksiyanı yerinə yetirməyə imkan vermirdi.

Ən acınacaqlı fakt o idi ki, həmin dövrdə bəziləri yaranmış vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi olan akademiyanı bağlamaq kimi absurd fikirlər səsləndirirdilər. Bu baxımdan Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında keçirməsi də təsadüfi deyildi. Həmin görüşdə ulu öndərin söylədiklərinin şərhə ehtiyacı yoxdur: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, həyata keçirilən enerji layihələri və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin işə düşməsi Azərbaycanın sonrakı iqtisadi inkişafının əsasında dayanan mühüm amillərə çevrildi.

1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının bir qrup aparıcı alimlərini qəbul edərək, elm sahəsində islahatların aparılmasının vacibliyini vurğulayaraq, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirdi.

Azərbaycan Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verildi, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əməkhaqları bir neçə dəfə artırıldı, 2002-ci il avqustun 12-də AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalandı, ulu öndərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirildi.

Ötən əsrin 90-cı illərində Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılıq ideyası dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırıldı. Dövlət dilinin tətbiqi, latın əlifbasına qayıdış, Füzulinin və “Kitabi-Dədə Qorqud”un yubileyləri, dünya azərbaycanlılarının forumu ilə bağlı qərar və sərəncamlar, azərbaycançılıq ideyasını daşıyan elm və sənət xadimlərinin dövlət qayğısı ilə əhatə olunması və s. neçə-neçə tədbirlər məhz bu məqsədə xidmət edən əməli addımlar idi.

2003-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin elmin inkişafı ilə bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən inkişaf etdirildi, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı, milli sərvətimizin tükənməz hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” mühüm yer tutur. Əlamətdar bir haldır ki, AMEA-nın 70 illik yubileyinin qeyd edildiyi bu il həm də Elmin İnkişafı üzrə Milli Strategiyanın icra müddətinin başa çatması ilidir. Elmin inkişafı üzrə bu strategiyanın həyata keçirilməsi prosesində bəzi obyektiv çətinliklər olsa da, bütövlükdə strategiyanın müasir Azərbaycan elminin inkişafında rolu olduqca böyük əhəmiyyət kəsb etmişdir.

Prezident İlham Əliyevin elmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən digər bir addımı 2012-ci ilin dekabr ayında ayrıca fərmanla təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasıdır. Bu Konsepsiya Azərbaycan dövlətinin dünyada baş verən qlobal sosial-iqtisadi dəyişikliklərə adekvat reaksiyası olmaqla yanaşı, həmçinin güclü və müasir dövlət naminə son dərəcə uğurlu bir elmi inkişaf proqramıdır. 2020-ci ilədək konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur.

Hər şeydən əvvəl, 2013-cü ildə Rəyasət Heyətinin yeni tərkibi seçilmiş, onun fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, nəzərdə tutulan işlərin effektiv həyata keçirilməsi üçün mərkəzi aparatın strukturunda əsaslı dəyişikliklər edilmişdir. Rəyasət Heyəti, sözün əsl mənasında, ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidissiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilmişdir. Onun iclaslarında müasir dünya elminin ən aktual problemləri ilə səsləşən, eyni zamanda, respublikanın sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən elmi məruzələr geniş müzakirə olunur, fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə çatdırılması, multidissiplinar təd-qiqatların elmi fəaliyyətin perspektivli sahəsi kimi dəyərləndirilməsi, o cümlədən nano-, bio-, informasiya və digər qabaqcıl texnologiyaların araşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi, elmi potensialın inkişafında dövlət, biznes və qeyri-dövlət sektorlarının qarşılıqlı əlaqələrinin təşkili və s. məsələlər barəsində müvafiq qərarlar qəbul edilir.

Son iki il ərzində akademiyada bir sıra mühüm elmi-təşkilati tədbirlər həyata keçirilmişdir. Respublika Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Rəyasət Heyətinin iclasında Gəncə Regional Elmi Mərkəzinin bazasında Gəncə Bölməsi yaradılmışdır.

AMEA-da idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, aktual məsələlərin geniş müzakirəsi və konsensusun əldə olunması məqsədilə AMEA-nın Direktorlar Şurasının yaradılmasını da qeyd etmək lazımdır.

19 dekabr 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayı keçirildi. Müasir dünyanın çağırışlarına müvafiq olaraq Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq, ölkədə və xaricdə yaşayan azərbaycanlı alimlər arasında əlaqələri gücləndirmək məqsədilə keçirilən bu tədbirdə ölkəmizin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər iştirak etmişlər.

Akademiyada həyata keçirilən islahatların mühüm bir istiqaməti elmi fəaliyyətin əsas resursları olan yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlıdır. Bu sahədə həyata keçirilən tədbirlərin çevikliyini təmin etmək məqsədilə Rəyasət Heyətinin strukturunda dəyişiklik edilmiş, yeni Elm və təhsil idarəsi yaradılmışdır.

Xarici ölkələrdə yüksəkixtisaslı kadrların hazırlanması da daim diqqət mərkəzində saxlanılır. Respublika Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar son illər AMEA-nın xeyli sayda gənc alimi Avropanın elmi mərkəzlərinə göndərilmişdir.

AMEA-nın elmi müəssisələrində əldə olunmuş nəticələrin, mühüm nailiyyətlərin, yeni innovativ istiqamətlərin gücləndirilməsi məqsədilə Rəyasət Heyəti Mərkəzi aparatının tərkibində İnnovasiya şöbəsi yaradılmışdır.

Ümumiyyətlə, AMEA-nın elmi müəssisələri ölkə Prezidenti tərəfindən təsdiq olunmuş 19 dövlət proqramının həyata keçilməsində yaxından iştirak edir. Eyni zamanda AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılmış 55 elmi tədqiqat işi tətbiq olunmuş, ümumilikdə 48 patent alınmışdır ki, onlardan da 5-i xarici patentdir.

Akademiyada həyata keçirilən islahatların mühüm bir istiqamətini hüquqi islahatlar təşkil edir. Bu baxımdan Rəyasət Heyəti Mərkəzi aparatının elmin idarə edilməsində fəaliyyətini gücləndirmək, idarəetmənin hüquqi tənzimlənməsini təmin etmək məqsədilə Mərkəzi aparatın tərkibində Hüquq və kadrlar idarəsi yaradılmış, bu istiqamətdə bir sıra işlər görülmüşdür. 11 dekabr 2014-cü ildə ölkə Prezidenti tərəfindən akademiyanın yeni Nizamnaməsi təsdiq olunmuşdur.

AMEA-nın müəssisə və təşkilatlarında 3000 gənc əməkdaş çalışır. 2013-cü ildə tamamilə yeni əsaslarla Gənc alim və mütəxəssislər şurası yaradıldı, onun akademiyanın bütün elmi müəssisə və təşkilatlarını əhatə edən mükəmməl struktur şəbəkəsi təşkil edildi, yeni kadr potensialı formalaşdırıldı.

Məlum olduğu kimi, ölkə rəhbəri “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” 2 iyul 2013-cü il tarixli fərman imzalamışdır. Hər il Rəyasət Heyətinin qərarı ilə layiqli gənclər “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunur.

Akademiyada həyata keçirilən islahatlarda elm və təhsilin inteqrasiyası da mühüm yer tutur. Bu sahədə əldə edilmiş ən mühüm uğurlardan biri AMEA-da magistratura təhsilinin yaradılmasına nail olmaq idi. Magistratura təhsili artıq reallığa çevrilmiş, 2015-ci ildə ilkin olaraq 7 ixtisas üzrə magistratura təhsili həyata keçirilmişdir.

AMEA-da aparılan islahatlar, həmçinin ölkə səviyyəsində İKT-yə böyük diqqət “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin formalaşması və inkişafına zəmin yaratmışdır. Bu gün AMEA-da e-elmin elmi-nəzəri əsasları tədqiq olunur, onun şəbəkə platforması olan AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, elmi qurumların beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası işləri həyata keçirilir.

Son zamanlar AMEA-da aparılan islahatlar, yeni texnologiyaların meydana gəlməsi science.az portalının təkmilləşdirilməsini də zəruri etmişdir. Bu məqsədlə portalın yeni versiyası hazırlanmış, onun tərkibində Elm TV adlı internet televiziyası yaradılmışdır.

AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində siyasəti də yenidən qurulmuşdur. Bu məqsədlə Rəyasət Heyətinin Mərkəzi aparatında Beynəlxalq əlaqələr idarəsi, Xarici ölkələrin akademik qurumları ilə əlaqələr və Beynəlxalq təşkilatlarla əlaqələr şöbələri yaradılmışdır.

AMEA-da gedən islahatların tələblərinə uyğun olaraq, ictimaiyyətlə əlaqələr istiqamətində siyasət tamamilə yenidən qurulmuş, elmi nailiyyətlərin və biliklərin cəmiyyətdə populyarlaşdırılması sahəsində bir sıra konseptual addımlar atılmışdır. Bu məqsədlə AMEA Rəyasət Heyətinin Mərkəzi aparatında İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılmışdır.

AMEA-da elmin populyarlaşdırılması üzrə tədbirlərin davamı kimi 2014-cü il noyabrın 10-11-də Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq Bakı Elm Festivalı keçirilib. Festivalın keçirilməsində əsas məqsəd ölkə Prezidentinin “Azərbaycan regionun elm mərkəzinə çevrilməlidir!” - çağırışına cavab olaraq, elmimizin nailiyyətlərini, yeni elmi innovasiyaları nümayiş etdirmək, informasiya-kommunikasiya texnologiyaları və başqa müasir innovativ üsullar əsasında elmin təbliğinə nail olmaq, elmin populyarlaşdırılması vasitəsilə cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək olmuşdur.

Daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri AMEA-nın maddi-texniki bazasının modernləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin gücləndirilməsidir. 2013-cü ilin may ayında Prezident İlham Əliyevin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olarkən orada Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı söylədiyi fikirlər akademiya üçün mühüm əhəmiyyət kəsb edir.

“Akademiya şəhərciyi”ndə inşa olunan İnformasiya Resursları Mərkəzinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binalarının istifadəyə verilməsi də əlamətdar hadisələrdən sayıla bilər.

Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə AMEA-da “Nizami Gəncəvi adına Qızıl medal”, həmçinin Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademik Üzeyir bəy Hacıbəyli, akademik Mirəsədulla Mirqasımov, akademik Yusif Məmmədəliyev, akademik Musa Əliyev adına mükafatlar təsis edilib.

Azərbaycan elmində baş verən müsbət tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks olunan konkret rəqəmlərlə də təsdiq olunur. Belə ki, nüfuzlu beynəlxalq informasiya bazalarından olan SCOPUS-un rəsmi hesabatına görə, 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlıq fəaliyyətində nəzərəçarpacaq irəliləyiş müşahidə edilir. Başqa sözlə, Azərbaycan alimlərinin çap olunmuş elmi əsərlərinin ümumi sayında xarici alimlərlə birgə dərc edilmiş elmi əsərlərin payı 39,82 faizdən 45,34 faizə yüksəlmişdir. Bu isə bir il ərzində 5,52 faiz artım deməkdir. Tədqiqat göstəricilərinə görə də AMEA-nın mövqeyi 2012-ci illə müqayisədə 2013-cü ildə 66 pillə, 2014-cü ildə isə 169 pillə yüksəlmişdir.

Bizim mənsub olduğumuz nəslin gənclik illəri akademiyanın təşəkkül dövrünə, onun elmi-təşkilati əsaslarının ilkin formalaşma mərhələsinə təsadüf etmişdir. Həmin illərdə buranı qurub yaradan dahi şəxsiyyətlər müqəddəs elm məbədini bizə əmanət edərək əbədiyyətə qovuşdular. Biz bu məbədi qoruyub saxladıq, Azərbaycana və dünyaya buradan yayılan elm nurunu sönməyə qoymadıq.

Akif Əlizadə, AMEA-nın prezidenti, akademik

www.azerbaijan-news.az

  • Paylaş: