www.science.az
13.11.2015 09:07

Akademik Əhliman Əmiraslanovun AMEA-nın 70 illik yubileyində çıxışı

Hörmətli yubiley toplantısı iştirakçıları!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin AMEA-nın 70 illik yubiley təntənələrinə qatılması, bu salonda dərin məzmunlu və proqram xarakterli çıxışı dövlət başçımızın ölkəmizin elm məbədi olan Akademiyamıza olan böyük diqqət və qayğısının nəticəsidir. AMEA belə böyük qayğı və diqqəti Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hiss etmişdir.

Hörmətli toplantı iştirakçıları!

AMEA təsis edildikdən dərhal sonra ilk təşkil edilən bölmələrdən biri də Biologiya Elmləri Bölməsi olmuşdur. Bu bölmə Botanika, Zoologiya, Torpaqşünaslıq və Eksperimental Təbabət elmi-tədqiqat institutları ilə fəaliyyətə başlamışdır. Bölmənin ilk akademik-katibi hələ o vaxtlar son dərəcə böyük nüfuza malik olan korifey cərrah, akademik M.Topçubaşov seçilmişdir. Bölmənin təşkilində və gələcək elmi fəaliyyətində onun böyük xidmətləri olmuşdur. Bölmənin elmi tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsində və planlaşdırılmasında akademik A.A.Qrosshaymin, V.R.Volobuyevin və İ.İ.Şirokoqorovun böyük xidmətləri olmuşdur. Biologiya Elmləri Bölməsi yaradıldığı ilk vaxtlarda onun qarşısında əhalinin ərzaq təminatının elmi əsaslarını hazırlamaq kimi böyük əhəmiyyət kəsb edən bir vəzifə dururdu. Biologiya Elmləri Bölməsinin səmərəli və məqsədyönlü fəaliyyəti sayəsində respublikada yeni bitki sortlarının və heyvan cinslərinin yaradılması istiqamətində ciddi elmi tədqiqatlar aparıldı, alınmış elmi nəticələr təcrübəyə tətbiq edildi. Bu aparılan işlər əhalinin ərzaq təminatının yaxşılaşdırılmasında böyük rol oynamışdır. Bölmədə fəaliyyətə başlayan Eksperimental Təbabət İnstitutu təbabətin fundamental elm sahəsinin inkişafına təkan vermiş, bu sahədə kadr hazırlığı aparmağa başlanmışdır.

Biologiya Elmləri Bölməsinə müxtəlif illərdə M.Topçubaşovdan sonra akademik A.Qarayev, akademik V.Volobuyev, akademik C.Əliyev, akademik Ş.Tağıyev, akademik M.Musayev kimi öz sahələrində böyük nüfuza malik olan alimlər rəhbərlik etmişlər. Şübhəsiz ki, bölməyə rəhbərlik etmiş bu böyük mütəxəssislərin hər biri bölmənin təşkilində, elmi tədqiqatların planlaşdırılmasında və bu elmi tədqiqatların səmərəliliyinin artırılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Sonrakı illərdə bölmənin tərkibində daha iki elmi tədqiqat müəssisəsi – Fiziologiya, Genetika və Seleksiya institutları fəaliyyətə başlamışdır. Akademiyanın Fiziologiya İnstitutunun yaradılmasında və bütövlükdə Azərbaycanda fiziologiya elminin inkişafında akademik A.Qarayevin xidmətləri əvəzsizdir. Sonralar Fiziologiya İnstitutunda akademik Z.Əliyevanın  təşəbbüsü və rəhbərliyi ilə “Görmə orqanının fiziologiyası” laboratoriyası fəaliyyətə başlamışdır. Bu laboratoriyada son dərəcə böyük elmi və praktik əhəmiyyət kəsb edən elmi tədqiqatlar aparılmışdır.

Müxtəlif çəkişmə və intriqaların nəticəsi olaraq 1957-ci ildə bölmə fəaliyyətini dayandırır. Bölmənin institutlarına rəhbərlik Akademiyanın Rəyasət Heyətinə həvalə olunur. Bu 2 il bölmənin tarixinə bu sahənin tənəzzül illəri kimi daxil olur. 2 ildən sonra akademik V.Volobuyevin böyük səyi və titanik əməyi sayəsində bölmə fəaliyyətini bərpa edir, Biologiya, Kənd təssərrüfatı və Tibb Elmləri Bölməsi kimi fəaliyyətini davam etdirir. Bölməyə rəhbərlik akademik V.Volobuyevə tapşırılır və o, 25 ilə yaxın bölməyə rəhbərlik edir. V.Volobuyevin rəhbərliyi dövründə bölmədə biologiya və tibb elmləri ilə yanaşı, torpaqşünaslıq və aqrokimya sahəsində son dərəcə elmi və praktik əhəmiyyət kəsb edən tədqiqatlar aparılmışdır.

Bölməyə rəhbərlik 80-ci illərin əvvəllərində akademik C.Əliyevə tapşırılır. Akademik C.Əliyevin bölməyə rəhbərlik etdiyi 10 il ərzində digər elm sahələri ilə yanaşı, biologiya elminin prioritet istiqamətləri sayılan molekulyar biologiya, biotexnologiya, bioinformatika, genetika və seleksiya sürətlə inkişaf etdirilir və yüksək elmi uğurlara imza atılır. Bilavasitə akademik C.Əliyevin rəhbərliyi ilə 30-dan çox məhsuldar buğda sortları yetişdirilir və rayonlaşdırılır. Fotosintez sahəsində aparılan elmi tədqiqatların nəticələri beynəlxalq miqyasda qəbul olunaraq yüksək qiymətləndirilir. Bu dövrdə molekulyar biologiya və biotexnologiyalar, bioinformatika sahəsində kadr hazırlığını xüsusi vurğulamaq lazımdır. O vaxtlar hazırlanmış kadrlar tək ölkəmizdə deyil, Avropa və Amerikanın tanınmış universitetlərində, elm mərkəzlərində elmi fəaliyyətlə məşğul olurlar.

Son illərdə Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində Dendrologiya, Molekulyar Biologiya və Biotexnologiyalar elmi-tədqiqat institutları yaradılmışdır. Bölmə institutlarının maddi-texniki bazası möhkəmlənmiş, yeni avadanlıq və cihazlarla təchizat yaxşılaşdırılmışdır. Bölmənin əsas elmi istiqaməti Azərbaycanın flora və faunasının  biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması, bitki fotosintezi, molekulyar biologiya və biotexnologiyalar, həmçinin bioinformatika sahəsində elmi tədqiqatların yüksək elmi-metodik səviyyədə aparılmasıdır. Bölmənin elmi fəaliyyətinin digər bir istiqamətini insanlar arasında böyük tələfata səbəb olan xəstəliklərin etiopatogenezinin, müalicə və profilaktikasının tədqiqi sahəsində aparılan elmi işlər təşkil edir. Cərrahiyyə, xüsusən də ürək cərrahiyyəsi, onkologiya, transplantologiya, herontologiya və farmakologiya  sahəsində aparılan elmi tədqiqatlarda yüksək nəticələr əldə edilmişdir. Bölmə institutlarında çalışan tədqiqatçıların beynəlxalq əlaqələri də ilbəil genişlənir. Dünyanın elmi mərkəzləri ilə müştərək elmi laboratoriyalar yaradılır. Əgər əvvəlki illərdə Bölmə əməkdaşları impakt faktoru yüksək olan jurnallarda nadir hallarda məqalə çap etdirirdilərsə, bölmə əməkdaşları 2013-cü ildə belə jurnallarda 73, 2014-cü ildə isə 144 məqalə dərc etdirmişdilər ki, bu məqalələrə yüzlərlə istinadlar var.

Mən də çıxışımın sonunda AMEA-nın bütün kollektivini Akademiyanın 70 illik yubileyi münasibəti ilə təbrik edir, hər birinə uzun ömür və möhkəm cansağlığı arzu edirəm.