www.science.az
12.11.2015 09:21

“Epos və etnos” mövzusunda beynəlxalq simpozium keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və etnos” mövzusunda beynəlxalq simpozium keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA-nın Ədəbiyyat Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb. Simpozium Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamına əsasən təşkil olunub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq, “Kitabi-Dədə Qorqud” abidəsinin Türk xalqlarının mədəniyyət tarixindəki yerindən danışıb, ölkə başçısının sərəncamına əsasən “Kitabi-Dədə Qorqud”la bağlı  silsilə tədbirlərin keçiriləcəyini vurğulayıb.

Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş Sovetlər Birliyində məhz ulu öndər Heydər Əliyevin tapşırığına əsasən 1975-ci ildə “Dədə Qorqud” bədii filmi çəkilib, 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərman, 2000-ci ildə isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı Sərəncam imzalanıb. Ümummilli lider tərəfindən “Kitabi-Dədə Qorqud”la bağlı müəyyənləşdirilmiş dövlət siyasəti bu gün uğurla davam etdirilir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət səviyyəsində həyata keçirilən bütün bu layihələr Azərbaycanda, türk dünyasında milli düşüncənin, soykökə bağlılığın, müstəqillik anlayışının daha da dərinləşməsinə, inkişaf etdirilib möhkəmlənməsinə xidmət edən və yeni nəsillərin milli ruhda tərbiyə olunmasına göstərilən qayğının bariz ifadəsidir.

Tədbirdə çıxış edən Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov bildiriblər ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının tarixini və mədəniyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir.

Simpozuimda Türkiyə Ərdahan Universitetinin rektoru, prof. Ramazan Korkmazın “Terrorun mifoloji siması: Təpəgöz”, Türkmənistandan Kakajan Janbekovun “Kitabi-Dədə Qorqud”un Türkmənistanda araşdırılma tarixi”, Serbiyadan Qustav-Adolfo Loria-Rivelin “Sakral və epik mətnlərdə fövqəltəbii bədheybət obrazları” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə bildirilib ki, dünya ədəbiyyatının nadir eposlarından olan bu abidədə tariximiz və milli mənəvi dəyərlərimiz yaşadılır. Epos xalqımızın zəngin adət-ənənələrini, yaşam tərzini, dünyagörüşünü öyrənmək baxımından da dəyərli sənət xəzinəsidir.

Simpozium öz işini bölmə iclaslarında davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir