Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.11.2015 10:11
  • A-
  • A
  • A+

AMEA-nın “Elm” qəzeti ilə Rusiyanın “Poisk” qəzeti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

AMEA-nın “Elm” qəzeti ilə Rusiyanın “Poisk” qəzeti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

AMEA prezidenti, akademik Akif Əlizadə Rusiyanın “Poisk” qəzetinin baş redaktorunun birinci müavini Yelizaveta Ponarina ilə görüşüb.

Azərbaycan-Rusiya elmi əlaqələrinin bu günü və perspektivləri barədə danışan AMEA rəhbəri elm sahəsində yeniliklərin, müştərək elmi tədqiqatların daha geniş şəkildə işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində “Poisk” və “Elm” qəzeti arasında əməkdaşlığın yaradılması və genişləndirilməsinin vacibliyini vurğulayıb.

AMEA-nın 70 illik yubileyinə dəvətə görə təşəkkürünü bildirən qonaq tədbirlə bağlı təəssüratlarını bölüşüb. Sonra xanım Ponarina təmsil etdiyi “Poisk” qəzeti barədə ətraflı məlumat verib, Rusiyada elm sahəsindəki fəaliyyəti işıqlandıran digər kütləvi informasiya vasitələri haqqında danışıb. Y.Ponarina qeyd edib ki, “Poisk” qəzeti elmi-pedaqoji fəaliyyətlə məşğul olan insanlar, eləcə də elm və təhsil sahəsində idarəetmə üzrə mütəxəssislər üçün nəşr edilir. Qəzetin təsisçiləri Rusiya Elmlər Akademiyası və “Poisk” nəşriyyatıdır. Qəzetdə Rusiya və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən elmi-tədqiqat institutları, ali tədris müəssisələrinin xəbərləri, fundamental və tətbiqi elm, həmçinin təhsil sahəsində aktual problemlərlə bağlı materiallar, bu sahələrdə çalışan nüfuzlu şəxslər, alim və mütəxəssislərin fikirləri, o cümlədən elmi kollektivlər haqqında məlumatlar dərc olunur.

Görüşdə AMEA-nın “Elm” qəzeti ilə “Poisk” qəzeti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan alimlərinin elmi fəaliyyəti barədə silsilə yazı, məqalə, müsahibə və reportajların “Poisk” qəzetində, eləcə də rusiyalı alimlərin elmi fəaliyyəti barədə “Elm” qəzetində yazıların dərc edilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Y.Ponarina əməkdaşlıq çərçivəsində Rusiyada keçirilən müxtəlif elmi beynəlxalq konfrans və toplantılarda iştirak edəcək azərbaycanlı alimlərlə “Poisk” qəzetinin müxbirlərinin görüşlərini təşkil etmək, həmçinin hər iki mətbuat orqanı arasında mühüm elmi xəbərlərin mübadiləsi və elmi informasiyaların hazırlanması sahəsində təcrübənin öyrənilməsi istiqamətində tərəfdaşlıq barədə təkliflərini irəli sürüb. Y.Ponarina qeyd edib ki, elmi yaradıcılığın populyarlaşdırılmasını təmin edən komponentlərdən biri də informasiya mübadiləsidir və bu amildən səmərəli istifadə olunmalıdır.

Azərbaycan alimlərinin elmi fəaliyyətinin beynəlxalq səviyyədə daha geniş tanıdılması və  bu sahədə yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından görüşün əhəmiyyətini vurğulayan akademik Akif Əlizadə “Poisk” qəzetinin rəhbərliyinə Akademiyaya və onun timsalında Azərbaycan elminə göstərdiyi etimada görə minnətdarlığını bildirib.

Sonda qonaq AMEA-nın institut və təşkilatlarının ən mühüm elmi nəticələrini özündə əks etdirən nəşrlərlə tanış olub.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika elmləri doktoru Əminağa SadıqovBeynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: