Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademiyanın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin çıxışı
11.11.2015 09:36
  • A-
  • A
  • A+

Akademiyanın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin çıxışı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 14 mart 2014-cü il tarixli Sərəncamına uyğun olaraq Ümumi yığıncaq keçirilib. Ölkə başçısı İlham Əliyevin də iştirak etdiyi tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanda humanitar elmlərin inkişaf perspektivləri" adlı məruzə ilə çıxış edib.

Akademik bildirib ki, AMEA-nın 70 illik yubileyinin dövlət səviyyəsində, möhtərəm Prezidentin iştirakı ilə qeyd olunması ölkəmizdə milli ziyalılığa, elmə, alimlərə, Akademiyaya göstərilən böyük diqqətin və qayğının göstəricisidir.

Akademik İ.Həbibbəyli Prezident İlham Əliyevin Akademiyanın tarixi bayramında iştirak etməsi və dərin məzmunlu nitqi, göstərdiyi diqqət, qarşıya qoyduğu məsuliyyətli vəzifələrin Ümummilli liderimiz Heydər Əliyev tərəfindən möhkəm əsasları yaradılmış elm siyasətinin, milli ziyalılığın inkişaf etdirilməsi strategiyasının ölkəmizdə ardıcıl olaraq davam etdirilməsinin bariz nümunəsi olduğunu vurğulayıb.    Alim əlavə edib ki, AMEA-nın pezidenti, akademik Akif Əlizadənin tarixi ənənələri və inkişaf etməkdə olan prosesləri əks etdirən məruzəsi də Azərbaycan intellektual elitasının müstəqil dövlətimiz qarşısındakı borcunun və öhdəliklərinin hesabatıdır.

Vitse-prezident müasir mərhələdə AMEA-nın humanitar və ictimai elmlər sahəsindəki inkişafının ölkə elmində azərbaycançılıq təliminə doğru böyük dönüşün təmin edilməsi olduğunu vurğulayıb. Uzun dövr ərzində sovet ideologiyası üzərində köklənmiş Azərbaycan elminin keçmiş və çökmüş ideologiyadan ümummilli bir ideala, azərbaycançılığa doğru dönüşü digər postsovet ölkələri ilə müqayisədə sürətlə gedib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin XX əsrin 70-80-ci illərində və müstəqillik dövrünün başlanğıc mərhələsində azərbaycançılıq istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasət Azərbaycanda bütün sahələrdə, o cümlədən elmdə milli ideologiyanın formalaşmasında həlledici rol oynayıb. Dövlət başçısının "Bizim bir ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi" fikrini xatırladan akademik onun möhkəm və aydın siyasi mövqeyi nəticəsində azərbaycançılığın ölkə miqyaslı hərəkat səviyyəsinə çatdığını deyib.

Akademik bildirib ki, Azərbaycançılıq təliminin siyasi-ideoloji, elmi-nəzəri prinsiplərinin konsepsiyasını dərindən və əsaslı şəkildə öyrənib cəmiyyətə çatdırmaq hazırda alimlərimiz qarşısında qoyulan ən mühüm vəzifələrdən biridir. Azərbaycanın milli dövlətçilik tarixi, milli ideologiya probleminə siyasi-tarixi və fəlsəfi baxış, Azərbaycan ədəbiyyatının dövrləşməsi konsepsiyası incəsənətdə mənşə və təkamül prosesləri kimi prinsipial məsələlərə həsr olunan elmi əsərlərin, layihələrin, tərcümələrin meydana çıxması, müzakirə və axtarışların genişlənməsi prosesin dərinləşməkdə və genişlənməkdə olduğunu göstərir.

Akademik AMEA-da 2013-2014-cü illər ərzində akademiya elminin gələcəyə baxış Dövlət konsepsiyasına əsaslanan prioritet istiqamətlərinin işlənib hazırlandığını vurğulayıb. Qeyd edib ki, prioritet istiqamətlərin müəyyən olunmasında Azərbaycan xalqının milli və dövlətçilik maraqları, müasir dünya təcrübəsinə yaradıcı münasibət əsas götürülüb. Müasir mərhələdə Azərbaycan humanitariyasının problematikasına tarixi aspektdə olan ənənəvi fundamental tədqiqatlarla yanaşı, qloballaşma və milli-mənəvi dəyərlər demokratik inkişaf və miqrasiya, islam sivilizasiyası və tolerantlıq, multikulturalizm həyat tərzi kimi hüquqi dövlət və müasir cəmiyyət, postmodernizm, riyazi dilçilik, fizika və lirika və sair kimi mövzular daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: