www.science.az
10.11.2015 15:14

Akademiyanın gələcək üçün gözəl perspektivləri var

Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor MATVEYEV AMEA-nın 70 illik yubiley  tədbirində çıxışı zamanı belə deyib. Azərbaycanda elmə və elmi qurumlara çox yüksək diqqət və dəstək göstərildiyini yüksək qiymətləndirən alim son illər AMEA-da elmi infrastrukturun modernləşdirilməsinə və qabaqcıl texnologiyaların tətbiqinə, elmin, təhsilin, istehsalın inteqrasiyasına yönələn iri, vacib dəyişikliklərin baş verdiyini qeyd edib. Bildirib ki, Akademiyanın gələcək üçün gözəl perspektivləri var.

“Azərbaycan Respublikası bizim beynəlxalq hökumətlərarası elmi təşkilatımızın fəaliyyətində tam gücü ilə iştirak edir və onun inkişafına birgə töhfə veririk” deyən qonaq bir çox azərbaycanlı alimlərin uzun müddət Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda fəaliyyət göstərdiklərini deyib. O, fundamental və tətbiqi tədqiqatlar sahəsində əməkdaşlığın möhkəmlənəcəyinə və dünya elminə, eləcə də Azərbaycan Respublikasının firavanlığına layiqli töhfə verəcəyinə əminliyini ifadə edib. Müasir Azərbaycanın tərəqqisi naminə təkmilləşmə yolunda Elmlər Akademiyasına uğurlar arzulayıb. 

Viktor Matveyev öz çıxışında dünyanın 18 ölkəsini birləşdirən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun yaranma tarixindən, fundamental və tətbiqi araşdırmalarından da danışıb. O, üzv ölkələrin dünya elminə inteqrasiyasında ən səmərəli vasitə olan bu məşhur institutda Azərbaycan alimlərinin də uğurla təmsil olunduğunu diqqətə çatdırıb. AMEA-nın Fizika İnstitutunun əməkdaşlarının Dubnanın alimləri ilə sıx əməkdaşlıq ediklərini, onların fundamental fizikanın vacib və müasir layihələrindən birinin reallaşmasına böyük töhfə verdiklərini nəzərə çatdırıb. Qeyd edib ki, onlar Nobel mükafatı ilə təltif edilən şəxslərlə tamhüquqlu həmmüəlliflərdir. Bu, müasir fundamental elmin təntənəsidir və əlbəttə ki, Azərbaycan öz alimləri ilə fəxr edə bilər.

Sonda rusiyalı alim AMEA əməkdaşlarını, bütün elmi ictimaiyyəti və Azərbaycan Respublikasını bu gözəl hadisə - Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyi münasibətilə təbrik edib, bu müqəddəs elm ocağının inkişafı naminə hər kəsə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir