www.science.az
06.11.2015 16:08

Əlyazmalar İnstitutu əlaqələrini genişləndirir

YUNESKO-nun məsləhətçisi, əlyazmaların bərpası və saxlanması üzrə mütəxəssis Stavros Andreou (Kipr, Limosol) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Cənab Stavros Andreou Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası  prosesi ilə maraqlanıb, bərpa  laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə tanış olub.

Bildirib ki, təmsil etdiyi qurumun bütün dünya  əlyazma mərkəzləri, kitabxanaları və laboratoriyaları ilə əlaqələri var, əlyazmaların qorunması və bərpası sahəsində onlarla əməkdaşlıq edir, məsləhətlər verir, lazım olan cihaz və preparatların alınmasına yardım edir. S.Andreou Əlyazmalar İnstitutunda əlyazmaların qorunması və bərpası sahəsində gedən işləri yüksək dəyərləndirib.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov bu elmi müəssisədə əlyazmaların qorunması və bərpası sahəsində aparılan işlər və planlar  barədə qonağa məlumat verib. Məsləhətlərinə və əməkdaşlıq təkliflərinə görə YUNESKO mütəxəssisinə  rəhbərlik və kollektiv adından minnətdarlıq bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir