Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Ədəbiyyat İnstitutunda struktur islahatları davam edir
16.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutunda struktur islahatları davam edir

AMEA-da həyata keçirilən islahatlar çərçivəsində Nizami adına Ədəbiyyat İnstitutunda struktur islahatları aparılır. İnstitutda yeni yaradılan “Azərbaycan mühacir ədəbiyyatı” şöbəsi, “Nizamişünaslıq” və “Füzulişünaslıq” sektorları fəaliyyətə başlayıb.

Bununla bağlı keçirilmiş tədbirdə elmi-tədqiqat müəssisəsinin rəhbər heyəti, eləcə də müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.

İnstitutun direktoru, akademik İsa Həbibbəyli AMEA-da aparılan struktur islahatlarının səmərəliyini vurğulayaraq bir sıra dəyişikliklərin aparılmasının zəruriliyini bildirib.

Ölkə rəhbərliyinin bütün sahələrə olduğu kimi, elm sahəsinə də böyük diqqət yetirdiyini qeyd edən akademik alimlərin də qarşısına mühüm vəzifələrin qoyulduğunu söyləyib. Bildirib ki, Azərbaycan elminin dünyaya inteqrasiyası, elmi araşdırmaların nəticələrinin impakt-faktorlu nəşrlərdə çap etdirilməsi və s. qarşıda duran ən vacib məsələlərdəndir.

Aparılan islahatlara uyğun olaraq institutun fəaliyyətində bir sıra yeniliklər edildiyini, bu istiqamətdə tədbirlərin bu gün də davam etdirildiyini önə çəkən İ.Həbibbəyli AMEA rəhbərliyinin islahatlara xüsusi önəm verdiyini bildirib.

2014-cü ildən akademiyada ciddi kadr islahatlarının davam etdiriləcəyini, tamamilə yeni istiqamətə malik elmi qurumların yaradılacağını bildirən akademik AMEA rəhbərliyi tərəfindən gənc alimlərə xüsusi diqqətin ayrılması, əmək haqlarının artırılması və bu kimi bir sıra digər məsələlərin də prioritet istiqamət kimi müəyyənləşdirildiyini vurğulayıb.

İ.Həbibbəyli institutda fəaliyyət göstərən “Müasir Azərbaycan ədəbiyyatı” şöbəsinin iki hissəyə ayrılaraq mövcud ştat vahidləri çərçivəsində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və “Ədəbi tənqid” şöbələrinin yaradılması təklifini irəli sürüb. Qeyd edib ki, bu şöbələrdə ölkəmizin müstəqillik dövrü ədəbiyyatı ətraflı öyrənilib tədqiq edilməli, müasir ədəbi proses diqqətlə izlənilməli, paralel olaraq tənqid tarixi də öyrənilməlidir. Həmçinin hər ilin sonunda Yazıçılar Birliyi ilə birlikdə ilin ədəbi yekunları çap olunmalıdır.

O, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Elçin Mehrəliyevin, “Ədəbi tənqid” şöbəsinə isə filologiya elmləri doktoru Vaqif Yusiflinin namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış edib.

E.Mehrəliyev və V.Yusifli çıxış edərək yeni yaradılacaq şöbələrdə elmi istiqamətlərin müəyyən edilməsi və digər məsələlərlə bağlı çıxış edib.

Sonda İ.Həbibbəyli nəzərdə tutulan prioritet elmi istiqamətlər üzrə yeni yaradılacaq şöbələrin əməkdaşlarına təklif və tövsiyələrini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: