Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

09.11.2015 20:34
  • A-
  • A
  • A+

AMEA-nın 70 illik yubileyi təntənəli şəkildə qeyd edildi

AMEA-nın 70 illik yubileyi təntənəli şəkildə qeyd edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirildi.

Əvvəlcə AMEA prezidenti, akademik Akif Əlizadə başda olmaqla Akademiya üzvləri Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoydular. Onlar, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzdülər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak etdi.

Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söylədi.

Prezident İlham Əliyev yubiley münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı Milli Elmlər Akademiyasının 70 il ərzində uğurlu yol keçdiyini, bu gün də  ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verdiklərini, onların elmi fəaliyyəti  sayəsində  müxtəlif sahələrdə ən müasir texnologiyaların tətbiq edildiyini bildirdi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində Akademiyaya münasibətin yaxşı olmadığını xatırlatdı. Diqqətə çatdırdı ki, o vaxtkı rəhbərlik qurumun fəaliyyətinə ehtiyac olmadığı qənaətində idi. Dövlətimizin başçısı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına yüksək dəyər verildiyini və bu gün də bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğuladı.

Ölkənin tərəqqisində  alimlərimizin rolundan danışan Prezident İlham Əliyev yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd etdi. Bildirdi ki, dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər ərzində neft-qaz amilindən asılılığı azaltmağa çalışır və buna nail olur. 

“Əminəm ki, gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək,” - deyən dövlətimizin başçısı növbəti illərdə də iqtisadi inkişafın dayanıqlılığı istiqamətində səylər göstəriləcəyini, heç kəsdən asılı olmamaq üçün daxili resurslardan istifadə ediləcəyini vurğuladı. 

Prezident İlham Əliyev dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyə çağırdı. Dövlətimizin başçısı demoqrafik inkişaf əsas götürülərək alimlərin indidən yeni strategiya  üzərində işləmələrinin zəruriliyini qeyd etdi, onları qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa çağırdı. “Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək”, - deyən Prezident İlham Əliyev bildirdi ki, kosmik sənayedə beynəlxalq əməkdaşlıq dərinləşməlidir. Dövlətimizin başçısı hərbi sənaye sahəsində də Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydanın olduğunu söylədi. Qeyd etdi ki, bu gün ölkəmiz mindən çox adda hərbi təyinatlı məhsul istehsal edir və Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal hesabına həyata keçirilir. 

Prezident İlham Əliyev ölkə üçün strateji əhəmiyyət daşıyan neft-qaz sahəsində də alimlərin ən yeni texnologiyalardan istifadə etmək məqsədilə dünya təcrübəsi ilə tanış olmağa çağırdı. “Alimlər qarşısında duran vəzifələr çoxdur. Əsas istək odur ki, Azərbaycan elmi inkişaf etsin və ümumi inkişafımıza töhfəsini versin”, - deyən dövlətimizin başçısı humanitar elmlərin önəmini də  vurğuladı. Bildirdi ki, multikulturalizm, Azərbaycan dilinin saflığının qorunması, zəngin tariximiz haqqında dünyaya daha dolğun məlumatın çatdırılmasında alimlərimiz fəal olmalıdırlar.

AMEA prezidenti, akademik Akif Əlizadə yubiley mərasimində iştirak etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi. Bu günlərdə dövlətimizin başçısının Sərəncamı ilə alimlərin böyük bir qrupunun mükafatlandırıldığını söyləyən AMEA prezidenti bu addımı elmə, alimlərə verilən yüksək qiymət kimi dəyərləndirdi. Akif Əlizadə Akademiya əməkdaşlarının  70 illik yubileyə əliboş gəlmədiklərini, dəyərli əsərlər hazırladıqlarını diqqətə çatdırdı. Akademiyanın prezidenti bir daha  elmə və elm adamlarına göstərilən diqqət və qayğıya görə alimlər adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut Milli Elmlər Akademiyasının zəngin tarixi, Azərbaycan alimlərinin müxtəlif sahələrdə, o cümlədən fizika, biofizika, kosmik sənaye sahələrində əldə etdikləri nailiyyətlərdən məlumatlı olduğunu qeyd etdi, azərbaycanlı alimlərlə əməkdaşlığa maraq göstərdiyini söylədi.

Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev rəhbərlik etdiyi elm ocağının təbrik məktubunu oxudu. “Azərbaycan öz alimləri ilə fəxr etməlidir”, - deyən Viktor Matveyev azərbaycanlı həmkarları ilə əlaqələrindən, həyata keçirilən birgə layihələrdən danışdı, elmə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq rəsmi hissə başa çatdıqdan sonra məruzələrlə davam etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan elminin ölkənin davamlı inkişafında rolu”, Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasovun “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı”, Təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikasının ali təhsil müəssisələrində elmi tədqiqatların aparılması”, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun “Azərbaycanda biologiya elminin inkişaf perspektivləri”, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanda humanitar elmlərin inkişaf perspektivləri” mövzularında məruzələri dinlənildi.

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı çıxış edərək AMEA-nın 70 illiyi münasibətilə kollektivi təbrik etdi, uğurlar arzuladı. D.Kıdıralı Beynəlxalq Türk Akademiyasının qızıl medalını akademik A.Əlizadəyə təqdim etdi.

Sonra AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev xarici ölkələrin akademik qurumlarının və nüfuzlu elm adamlarının AMEA-nın 70 illik yubileyi ilə bağlı təbrikləri çatdırdı.

Sonda akademiyanın 70 illik yubileyinə həsr olunan “Azərbaycanın elm məbədi” filmi nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: