www.science.az
05.11.2015 15:53

Təcrübə-Sənaye Zavodunda AMEA-nın 70 illik yubileyi münasibətilə hazırlıq işləri davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının digər elmi müəssisələri və təşkilatları kimi Təcrübə-Sənaye Zavodu da AMEA-nın 70 illik yubileyini qazanmış olduğu nailiyyətləri ilə qarşılamağa hazırlaşır.

Təcrübə-Sənaye Zavodu AMEA-nın texniki bazası olmaqla, bir sıra elmi-tədqiqat institutlarının alimlərinə məxsus onlarla yeni texnoloji prosesləri sınaqdan keçirib və sənaye miqyasında tətbiq olunması üçün tövsiyələr verib. 2014-2015-ci illərdə AMEA rəhbərliyinin dəstəyi və diqqəti sayəsində yeni inkişaf yoluna qədəm qoymuş zavodda elmi tədqiqat və təcrübə sınaq işləri ilə yanaşı, bu işlərin nəticəsi kimi, ölkə iqtisadiyyatında tələbat duyulan, rəqabətə davamlı, müxtəlif təyinatlı yağlar və sürtgü materiallarının istehsalı təşkil edilib.

Həmin məhsullar zavodun gələcək dinamik inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubiley tədbirlərində aktiv iştirak etməyə hazırlaşan Təcrübə-Sənaye Zavodu yubiley tədbirləri çərçivəsində təşkil ediləcək sərgidə zavodun uğurlarından bəhs edən nəşrlərin və eyni zamanda istehsal etdiyi innovativ xarakterli bir sıra məhsullardan nümunələrin nümayiş etdirilməsini planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir