www.science.az
05.11.2015 15:42

AMEA-da BDU-nun Elm və Tədris Mərkəzi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və Torpaqşünaslıq fakültəsinin AMEA Aqrar Elmlər Bölməsinin  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılmış Elm və Tədris Mərkəzinin açılışı olub.

Açılış mərasimində çıxış edən Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov iki qurum arasında olan sıx əməkdaşlıq əlaqələrindən söz açıb, mərkəzin yaradılma təşəbbüsünə AMEA tərəfindən böyük dəstəyin verildiyini vurğulayıb. O, bu cür mərkəzlərin AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında yaradılmasını məqsədəuyğun hesab edib.

Sonra çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, Elm və Tədris Mərkəzi iki qurum arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb. Akademik Abel Məhərrəmov bu təşəbbüsün gerçəkləşməsində AMEA Aqrar Elmlər Bölməsinin rəhbərliyinin rolunu xüsusi vurğulayıb. A.Məhərrəmov iki müəssisə arasında elmi pedoqoji əməkdaşlığın tarixini 2004-cü ildə Biologiya fakültəsinin nəzdində yaradılmış “Torpaqşünaslıq” kafedrası ilə başlandığını qeyd edib. Bildirib ki, hazırda Ekologiya və Torpaqşünaslıq fakültəsində müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanması, o cümlədən birgə elmi konfransların təşkili istiqamətində işlər uğurla davam etdirilir. A.Məhərrəmov yeni yaradılan Mərkəzin tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantların tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib.

Daha sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor vəzifəsini i.e., aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev çıxış edərək əməkdaşlıq əlaqələrinin bundan sonra da səmərəli şəkildə davam edəcəyinə əminliyini ifadə edib.

 Sonda iştirakçılar Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bir neçə elmi-tədqiqat laboratoriyaları, Torpaq Muzeyi ilə yaxından tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir