www.science.az
05.11.2015 15:07

Akademik Bəkir Nəbiyevin 85 illik yubileyinə həsr olunan anma tədbiri keçirilib

Noyabrın 4-də AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) Dövlət Mükafatı Laureatı, Əməkdar Elm Xadimi, “Xalqlar dostluğu”, “Şöhrət” və “İstiqlal” ordenli, akademik Bəkir Nəbiyevin 85 illik yubileyinə həsr olunan anma tədbiri keçirilib.

Tədbir çərçivəsində akademikin elmi yaradıcılığından bəhs edən sərgi açılıb, “Vətəndaş. Alim. Ziyalı” biblioqrafik soraq kitabının təqdimatı olub.

Sərginin açılışında MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək mərasimin AMEA-nın 70 illik yubiley tədbirləri çərçivəsində keçirildiyini söyləyib. Bildirib ki, akademik Bəkir Nəbiyev ömrünün yarıdan çoxunu elmi fəaliyyətə həsr edib. Bu dövrdə alimin 60-dan çox kitabı işıq üzü görüb. O, 200-dən artıq elmi əsərin, minə yaxın məqalənin redaktoru və müəllifi olub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından olan alimin həyat və elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, həm klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlərin müəllifi olan akademik zəngin yaradıcılığı ilə Azərbaycan elminə böyük töhfələr verib. Akademikin ədəbiyyatşünaslıq üzrə yüksək ixtisaslı elmi kadrların yetişdirilməsi sahəsində də böyük xidmətləri olub. Görkəmli alimin əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” və “İstiqlal” ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev B. Nəbiyevin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərindən, elmi, pedaqoji, ictimai fəaliyyətindən danışıb, alimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Azərbaycanda ədəbi-bədii fikrin formalaşmasında alimin mühüm xidmətləri olub. Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və tənqidçi kimi ədəbiyyatımızın tarixində əbədi qalmaq haqqını qazanmış insanlardandır. Alimin AMEA-dakı fəaliyyətini xüsusi qeyd edən dövlət müşaviri B.Nəbiyevin Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaratdığını söyləyib, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli B.Nəbiyevin Azərbaycan elminin inkişafındakı rolunu və mövqeyini xüsusi qeyd edib, elmi yaradıcılığı barədə ətraflı məlumat verib. Onun bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etdiyini söyləyib. Bildirib ki, Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından idi.

Tədbirdə akademiklər Vasim Məmmədəliyev, Nailə Vəlixanlı, Tofiq Hacıyev, Abel Məhərrəmov, Xalq Şairi Nəriman Həsənzadə və digər çıxış edənlər alimin çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir