Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2015 14:59
  • A-
  • A
  • A+

Bakıda illik Xəzər texniki konfransı və sərgisi işə başlayıb

Bakıda illik Xəzər texniki konfransı və sərgisi işə başlayıb

Noyabrın 4-də Bakıda illik Xəzər texniki konfransı və sərgisi işə başlayıb.

Tədbirdə 500-dən çox beynəlxalq və yerli neft şirkətinin, hökumət orqanlarının, servis şirkətlərinin, elmi müəssisələrin və digər təşkilatların təmsilçiləri iştirak ediblər.

Neft və Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən konfransda Xəzər regionunun neft-qaz sahəsinin aktual məsələləri, problemləri və imkanları müzakirə edilib. SPE-nin prezidenti Neytan Miihan tədbirin Bakıda keçirilməsinin əhəmiyyətindən, dünyanın neft-qaz sənayesində qazanılan nailiyyətlərdən və tətbiq edilən innovasiyalardan danışıb.

Sonra çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə ölkəmizin neft-qaz sənayesinin inkişafından və bu sahədə qazanılan nailiyyətlərdən söhbət açıb. Bildirib ki, 1994-cü ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalanıb. Həmin uğurlu neft strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı dünyada neft-qaz diyarı kimi tanıdır. Akademik qeyd edib ki, Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür və yeni neft-qaz yataqları aşkarlana bilər.

Energetika nazirinin müavini Natiq Abbasov Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin Azərbaycana qazandırdığı uğurlardan danışıb, ölkəmizin Şərqlə Qərb arasında enerji dəhlizi rolunu oynadığını vurğulayıb. Nazir müavini XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin və TANAP, TAP boru kəmərləri ilə Avropaya nəql ediləcək Azərbaycan qazının qitə üçün əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ölkəmizin neft-qaz sənayesinin tarixindən, “Əsrin müqaviləsi”nin əhəmiyyətindən və bu kontraktın imzalanmasından sonra əldə olunan nailiyyətlərdən bəhs edib. Birinci vitse-prezident artıq dünyada qaz ölkəsi kimi tanınan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını bildirib.

Konfransın panel sessiyalarında regionun neft və qaz sahəsində çalışan rəhbər işçiləri, əməliyyat şirkətlərinin, servis təşkilatlarının, konsaltinq firmalarının və tədqiqat mərkəzlərinin təmsilçiləri, o cümlədən SOCAR, bp, “ExxonMobil”, “Schlumberger”, “Total” və TANAP kimi şirkətlərin mütəxəssisləri iştirak ediblər. Sessiyalarda Xəzər qazına olan tələbatın cari və gələcək mənbələri, hasilat-satış silsiləsinin əsas iştirakçıları, bu iştirakçıların üzləşdiyi texniki və kommersiya problemləri müzakirə edilib. Həmçinin sessiyalarda irimiqyaslı neft və qaz layihələri, onlarla bağlı müxtəlif risklər, o cümlədən texniki risklər, layihələrin icrası, öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı risklər əsas müzakirə mövzusu olub.

Tədbir noyabrın 6-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: