www.science.az
04.11.2015 17:30

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyası yaradılacaq

Bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, bu gün AMEA-da e-elmin elmi-nəzəri əsasları geniş tədqiq olunur, onun şəbəkə platforması olan AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir. “Akademiyada İKT-nin geniş tətbiq olunduğu sahələrdən biri də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin qurulmasıdır” fikrini səsləndirən alim bu istiqamətdə science.az portalının müasir dünya standartlarına uyğun yeni versiyasının hazırlanaraq istifadəyə verildiyini, onun tərkibində Elm TV adlı internet televiziyasının yayımlandığını diqqətə çatdırıb.

R.Əliqulyevin sözlərinə görə, həyata keçirilən bu tədbirlər nəticəsində Akademiyanın elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirən çoxlu sayda elektron video, audio və foto məzmunlu multimedia resursları toplanır. Onlar Akademiyanın bugünkü fəaliyyətini əks etdirən qiymətli materiallar olaraq, böyük tarixi əhəmiyyətə malikdir. Bu materialların sistemli və mütəmadi olaraq toplanması, etibarlı saxlanması, sistemləşdirilməsi, online istifadəsi və gələcək nəsillərə çatdırılması olduqca zəruridir.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyasının yaradılması ilə bağlı qərar qəbul edib. Bununla əlaqədar təşkilati, texniki və kadr məsələlərinin həll edilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib.

AMEA-nın science.az portalına, Elm TV internet televiziyasına, elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisənin fəaliyyəti üzrə elektron multimedia resurslarının müntəzəm olaraq Multimedia Qalereyasına təqdim edilməsi təmin edilsin.

Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir