www.science.az
03.11.2015 17:43

Yer Elmləri Bölməsinin iclasında mühüm məsələlər müzakirə edildi

Noyabrın 3-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirildi.

Tədbirdə bölmə üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katibləri, institutların elmi şuralarının üzvləri iştirak edirdilər.

İclası giriş sözü ilə açan bölmənin akademik katibi, akademik Fəxrədin Qədirov neft-qazın geologiyası və geokimyası sahəsində tanınmış alim,  Geologiya və Geofizika İnstitutunun Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevi 70 illik yubileyi münasibətilə təbrik etdi, ona elmimizin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Sonra AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bölmənin nəzdindəki təşkilatlarda fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə YEB-in Fəxri Fərmanı ilə təltif olundular.

İclasda “Yer Elmləri Bölməsinin inkişaf tarixi və prespektivlər” mövzusunda məruzə ilə çıxış edən F.Qədirov bildirdi ki, hazırda YEB-in tərkibinə Geologiya və Geofizika və Coğrafiya institutları daxildir. Respublika Seysmoloji Xidmət Mərkəzi də bölmənin tərkibində elmi fəaliyyət göstərir.

Məruzəçi YEB-in elmi fəaliyyətinin geologiya, geofizika, neft və qaz yataqlarının işlənilməsi, seysmologiya və coğrafiya  sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldiyini diqqətə çatdırdı. Bildirdi ki, bölmə yer haqqında elmlər üzrə  respublikada aparılan fundamental və tətbiqi elmi tədqiqatlar kompleksini koordinasiya edir. Bölmənin elmi-təşkilati fəaliyyəti Geologiya və Geofizika, Coğrafiya institutları və Respublika Seysmoloji Xidmət Mərkəzi ilə yanaşı, respublikada yer elmləri sahəsində fəaliyyət göstərən müəssisələrin, ali məktəblərin geologiya, geofizika və coğrafiya profilli kafedralarının və xarici ölkə institutlarının tanınmış alimlərinin fəaliyyəti ilə əlaqəli aparılır.

Qeyd edildi ki, YEB-də Geologiya və  geofizika, geodinamika və geoloji təhlükələr,  Neft-qaz yataqlarının işlənilməsi, Coğrafiya, Ekologiya və Xəzər dənizi seksiyaları və alternativ enerji, təbii resurslar, ətraf mühitin qorunması və ekologiya, təbii fəlakətlər və proqnoz kimi komissiyalar fəaliyyət göstərir.

Bölmə üzvləri tərəfindən prioritet istiqamətlərdə aparılan tədqiqatların nəticələrinin Thomson Reuters Impact Factorlu jurnallarda dərc edildiyini söyləyən F.Qədirov qeyd etdi ki, əməkdaşların əsərlərinə son 3 ildə təxminən 2000 istinad edilmişdir.

Bildirildi ki, hazırda YEB-də yerinə yetirilən elmi tədqiqat işləri dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə, ölkə Prezidentinin Azərbaycanın regionun iqtisadi və siyasi mərkəzi olduğu kimi elm mərkəzinə də çevrilməsi haqqındakı çağırışlarının icrasına istiqamətlənmişdir.

YEB-in dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq etdiyini söyləyən akademik F.Qədirov 70 il ərzində bölmə institutlarında geologiya və geofizika, coğrafiya  sahəsində dünya yer elmlərini zənginləşdirən bir sıra elmi və tətbiqi nəticələrin əldə edildiyini vurğuladı.

YEB-in akademik-katibi elmi-tədqiqat planında yerin geoloji quruluşunun geotomoqrafiya üsullarının tətbiqi ilə dərindən öyrənilməsi, yeni neft-qaz yataqlarının və faydalı qazıntıların axtarışı və kosmik texnologiyalar bazasında geoloji təhlükələrin, səhralaşma və ekologiya  ilə bağlı yeni istiqamətlərin inkişafının nəzərdə tutulduğunu qeyd etdi.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, g.-m.e.d. Dadaş Hüseynovun “Geologiya və Geofizika İnstitutu: Nailiyyətlər və prespektivlər”, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu:  Nailiyyətlər və prespektivlər” və   Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Respublika Seysmoloji Xidmət Mərkəzi müstəqillik illərində” mövzusunda məruzələri dinlənildi.

Məruzələr ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir