www.science.az
30.10.2015 16:09

Sumqayıtda kimya sənayesinin yaranmasının 70 illik yubileyi qeyd edilib

Oktyabrın 30-da Sumqayıt Tarix Muzeyində ölkəmizdə kimya sənayesinin yaranmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər "Azərikimya" İstehsalat Birliyinin baş ofisində olub, İnsan Resursları Departamenti tərəfindən aparılan test imtahanının gedişatı ilə maraqlanıblar. Departamentin rəisi Asif Bəkirli elan olunmuş vakansiyalar və test imtahanları barədə qonaqlara ətraflı məlumat verib.

Sonra iştirakçılar Sumqayıt Tarix Muzeyinə gəliblər. Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olqa İslamova bu qurumun yaranma tarixi, onun ekspozisiyaları barədə ətraflı məlumat verib. İştirakçılar muzeydə Sumqayıtın neft-kimya sənayesinin inkişaf tarixi, bu sahədə uzun illər fədakarlıqla çalışmış kimyaçıların əmək fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlərlə tanış olublar.

Tədbiri giriş sözü ilə açan “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt şəhər ictimaiyyətini Azərbaycanda kimya sənayesinin 70 illik yubileyi münasibətilə təbrik edib. Bildirib ki, ölkə Prezidentinin son zamanlar Sumqayıta çoxsaylı səfərləri, Kimya Sənaye Parkında yaradılan müəssisələrə olan diqqəti, bununla bağlı tapşırıq və tövsiyələri bütövlükdə Azərbaycanın neft-kimya sənayesinin perspektiv inkişafına göstərilən qayğının real təzahürüdür. Həyata keçirilən konkret layihələr, görülən işlər neft-kimya sənayesinin uğurlu gələcəyinə, bu sahənin dövlətimizin daha qüdrətli və etibarlı dayaqlarından birinə çevriləcəyinə möhkəm əminlik yaradır.

Tədbirdə çıxış edən ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhər ictimaiyyətini təbrik edib, kimya sənayesinin tarixi, əldə olunan nailiyyətlər və perspektivlərdən danışıb. ARDNŞ prezidenti kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq Sumqayıtın sənaye zonasında Kimya Sənaye Parkının yaradıldığını, təməli dövlət başçısı tərəfindən qoyulmuş azot gübrəsi istehsal edəcək karbamid zavodu, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodu, eləcə də yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisinin uğurla davam etdirildiyini bildirib. O, ölkə Prezidentinin Sərəncamı ilə yubiley münasibətilə bir qrup kimyaçının ali dövlət mükafatına layiq görülməsini dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Sonra AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək bu günün böyük tarixi əhəmiyyətə malik əlamətdar gün olduğunu bildirib. Azərbaycan Respublikasının bütün dünyada neft diyarı kimi tanındığını xatırladan alim ölkəmizdə neft-qazçıxarma, neft-kimya sənayesi, o cümlədən neft-qaz emalı sənayesinin sürətlə inkişaf etdiyini qeyd edib. Əsası Sumqayıtda qoyulan bu böyük sənayenin 70 illik tarixini yüksək qiymətləndirərək, elm və sənayenin tarixinin bir-birilə uzlaşmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

A.Əlizadə ölkənin sürətli və davamlı inkişafında elmin iki mühüm istiqaməti olan sənaye və təhsilin böyük rolu olduğunu dilə gətirib. O, istehsalat, sənaye, neft-kimya sənayesi sahəsində fəaliyyət göstərən görkəmli alimlərdən danışıb. Yusif Məmmədəliyev, Əli Quliyev, İzzət Orucov kimi şəxsiyyətlərin kimya elminin karifeyləri olduğunu, onların adlarının həm elm, həm də neft-kimya sənayesi tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

AMEA prezidenti Ulu öndər Heydər Əliyevin neft-kimya sənayesinin texniki-istehsal bazasının ardıcıl olaraq gücləndiril­məsi, onun əsaslı surətdə müasirləşdirilməsi və yeniləşdi­ril­məsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən də danışıb. Heydər Əliyevin göstərişi ilə 1969-cu ildə yüksək təzyiqli polietilen, 1971-ci ildə illik gücü 15 min  ton olan butil-kauçuk sexləri, 1976-cı ildə isə butandan butadien istehsal edən qurğuların işə salınması barədə məlumat verib. 

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin də neft-kimya sənayesinə böyük diqqət yetirdiyini söyləyən AMEA prezidenti qeyd edib ki, dövlət başçısının 2 aprel 2010-ci il tarixli “Neft-kimya sənayesin­də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Azərikimya” İstehsalat Birliyi ARDNŞ-in tabeliyinə verildi. Bununla da neft şirkətilə istehsalat birliyinin əlaqəli şəkildə inkişafı təmin olundu.  Alimin sözlərinə görə, bu gün neft-kimya sənayesin­də fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması ölkə qarşısında duran əsas hədəflərdəndir.

Sonra ölkə Prezidenti İlham Əliyevin 26 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, Prezidentin fərdi təqaüdü və “Tərəqqi” medalı ilə təltif olunmuş kimyaçılara mükafatlar təqdim olunub.

Ardınca isə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevin Sərəncamı ilə Fəxri fərman və pul mükafatlarına layiq görülən 19 kimyaçıya, daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə təltif olunan 10 kimyaçıya mükafatlar təqdim olunub. Həmçinin 15 kimyaçı “Azərikimya” İstehsalat Birliyi tərəfindən fəxri fərman və pul mükafatlarına layiq görülüb.

Tədbir Sumqayıt şəhər 11 saylı tam orta məktəbin şagirdlərinin ifasında səsləndirilən “Canlanır hər qarış yer Sumqayıtda, Xarüqələr yaradır el Sumqayıtda” mahnısı ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir