www.science.az
30.10.2015 09:18

Geologiya və Geofizika İnstitutunda geomexanika seminarı keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunda “Yerin daxili quruluşunun  nəzəri model parametrlərinin dəqiqliyinin və dayanıqlığının deformasiya intervalları” mövzusu üzrə geomexanika seminarı keçirilib. Tədbirdə institutun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev çıxış edərək bildirib ki, seminar “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” adlı layihə çərçivəsində təşkil olunub. Layihə Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika İnstiutunda, Riyaziyyat və Mexanika İnstitutuRespublika Seysmoloji Xidmət MərkəziBakı Dövlət Universiteti və Türkiyənin Yıldız Texniki Universitetinin əməkdaşları tərəfindən birgə həyata keçirilir.

Akademik mövzu üzrə geniş məruzəsində qeyd edib ki, real Yer şəraitində geoloji mühitin sıxlığının və digər fiziki parametrlərinin təyini bu gün də aktual olaraq qalır. Bu problemə həsr olunmuş çoxlu sayda elmi-tədqiqat işləri mövcuddur.

Alim bu məsələlərin qeyri-klassik yanaşma yolu ilə deformasiyaların qeyri-xətti nəzəriyyəsi əsasında tədqiqinin nəticələrini şərh edib. İşin əsas mahiyyətindən danışaraq bildirib ki, bütün tədqiq olunan parametrlərin aşkar şəkildə deformasiyalardan asılılığı təyin edilir və bu asılılıqların reallıq intervalları müəyyənləşdirilir. Bu ideya deformasiyaların ən ümumi indikator funksiyalarına malik olması ilə əsaslandırılır. Digər tərəfdən də deformasiya ən ümumi olmaqla yanaşı bilavasitə ölçülə bilən fundamental fiziki parametrdir. Buna görə də deformasiyaların baş verən geodinamiki proseslərdə reallaşan mexanizmləri daha dəqiq və elmi əsaslandırılmış nəzəriyyələr çərçivəsində tədqiq olunmuşdur.

Bərk cisimlərdə (o cümlədən geoloji mühitdə) deformasiya ancaq müəyyən həddlər daxilində müntəzəm baş verərək mühitin strukturunun bircinsliyini təmin edir, yəni başlanğıc bircins vəziyyət deformasiya prosesinin sonuna gədər saxlanılır. Bu həddlər daxilində tarazlıq vəziyyəti dayanıqlı olur. Deformasiya qiyməti bu həddlərə çatanda tarazlıq vəziyyətinin dəyişməsi baş verir və nəticədə mühitin gərginlik deformasiya vəziyyətinin bircinsliliyi pozulur. Bununla bağlı mühitin sıxlığının dəyişməsində və Yerin digər daxili struktur parametrlərində belə dəyişikliklərin nəzərə alınması zərurəti yaranır. Bu məsələlər Laqranj yaxınlaşması çərçivəsində böyük deformasiyalar əsasında tədqiq olunmuşdur. Bu intervalların sərhədləri deformasiyaların müxtəlif formada dayanıqlığın itirilməsi proseslərinə uyğun olan böhran qiymətləri ilə təyin olunmuşdur.

Alınmış nəticələr əsasında bir elmi məqalə hazırlanır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir