www.science.az
30.10.2015 09:10

“Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forum keçiriləcək

Noyabrın 2-də saat 11:00-da Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan “Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forum keçiriləcək.

Tədbirin rəsmi açılışından sonra interaktiv müzakirələr təşkil olunacaq. İlk dəfə keçirilən bu müzakirələrin əsas məqsədi respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirliklər, elmin inkişafına dəstək verən fondlar, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirib mövcud problemləri təhlil etmək və bu problemlərin həlli yollarına nail olmaqdır. “Akademik startaplar: nəyi nailiyyət hesab edək?”, “Elmin inkişafında mövcud fondların rolu”, “İnnovativ ideyalar və perspektivlər” kimi elmin aktual mövzularında hazırlanacaq müzakirələrə ölkəmizin tanınmış elm və ictimayyət nümayəndələri ekspert qismində cəlb olunub.

İki gün davam edəcək Forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi əhəmiyyət kəsb edən multidissiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin etmək məqsədilə 22 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssisin iştirakı ilə beynəlxalq konfrans da keçiriləcək.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir