www.science.az
30.10.2015 09:03

AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin 70 yaşı tamam olur

Noyabrın 2-də neft-qazın geologiyası və geokimyası sahəsində tanınmış alim,  Geologiya və Geofizika İnstitutunun Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin 70 yaşı tamam olur.

Əkpər Feyzullayev 1945-ci il noyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə mühəndis-geofizik ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.

İnstitutu bitirdikdən sonra təyinatla 1970-1972-ci illərdə keçmiş “Kirovneft” NQÇİ-də neft hasilatı üzrə 5-ci dərəcəli operator vəzifəsində, 1972-1973-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat Layihə Qaz İnstitutunun Azərbaycan filialında mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildən bugünədək AMEA-nın Gelogiya və Geofizika İnstitutunda fəaliyyət göstərir. Hazırda bu elmi müəssisədə Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəridir.

1983-cü ildə yer elmləri üzrə fəlsəfə doktoru, 1992-ci ildə elmlər doktoru dərəcələrini, 2006-cı ildə isə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alimin fəaliyyətinin əsas elmi istiqamətləri neft və qazın geologiyası və geokimyası, çökmə hövzələrin fluid dinamikası, palçıq vulkanizmi, geokimyəvi axtarış üsulları, geoekologiyadır.

Ə.Feyzullayevin əsas elmi nailiyyətləri qırışıqlıq hövzələrində qaz rejiminin xüsusiyyətlərinin müəyyən edilməsi və onun əsasında neft-qaz yataqlarının geokimyəvi axtarış metodlarının elmi və elmi-praktiki əsaslarının təkmilləşdirilməsi,  çökmə süxurlarda üzvi maddənin (ÜM) və flüidlərin ən müasir geokimyəvi tədqiqat üsullarının istifadəsi ilə bir sıra vacib fundamental və xalq təsərrüfatı əhəmiyyətli problemlərin həll edilməsidir. Həmçinin hövzə təhlilinin əsasında Cənubi Xəzər hövzəsinin (CXH) və burada baş verən neft və qazın əmələgəlmə proseslərinin, miqrasiyasının, onların sənaye yığımlarının formalaşması və saxlanmasının, eləcə də anomal flüid təzyiqlərinin mənşəyi, məkanda paylanması, kompleks meyarlar əsasında  CXH-nin qeyri-bircinsli olmasının sübuta yetirilməsi, böyük dərinliklərdə karbohidrogenlərin faza vəziyyətinin və neft-qazlılığının proqnozunun verilməsi, onların geokimyəvi və geofiziki metodlar ilə diaqnostika imkanlarına baxılması alimin mühüm nailiyyətlərindəndir.

Son illər Ə.Feyzullayev Azərbaycanda radon riskinin öyrənilməsi ilə məşğuldur və bu problemə dair Dövlət Tədbirlər Planının (2014-2018) əsas icraçısıdır.

312-dən artıq elmi əsərin, o cümlədən 187 məqalə, monoqrafiya, broşur, dərslik və tezisin, həmçinin xaricdə çap olunan 89 məqalə, 83 tezis və 1 patentin müəllifidir.

Elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, Ə.Feyzullayev pedaqoji fəaliyyətlə də məşğuldur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinın “Neft və qazın geologiyası, axtarışı və kəşfiyyatı” baza kafedrasının professorudur. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru hazırlanmışdır.

Ə.Feyzullayev Geologiya və Geofizika İnstitutunun dissertasiya şurasının sədri, Yer Elmləri Bölməsinin akademik-katibinin müavini və bölmənin büro üzvüdür. AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası), “Neft-qaz hövzələrinin sedimentologiyası və stratiqrafiyası” və “Azərbaycanda geofizika yenilikləri” jurnallarının redaksiya heyətlərinin, AAPG və EAGE beynəlxalq qurumlarının üzvüdür.

Geoloq alim elmi-pedaqoji sahədə xidmətlərinə görə  AMEA Rəyasət Heyətinin və Yer Elmləri Bölməsinin Fəxri Fərmanları (2005), “Tərəqqi” medalı (2008) ilə təltif edilmişdir. O, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Görkəmli elm mücahidini 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir