Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.10.2015 16:51
  • A-
  • A
  • A+

Dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 133 illiyi təntənəli şəkildə qeyd olunub

Dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 133 illiyi təntənəli şəkildə qeyd olunub

Oktyabrın 26-da böyük Azərbaycan şairi, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 133-cü ildönümü münasibətilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənəvi tədbirin növbəti yığıncağı keçirilib.

Tədbir AMEA Hüseyn Cavidin Ev Muzeyi və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ədibin Hüseyn Cavid bağında ucaldılmış abidəsi önündə təşkil edilib. Tədbir iştirakçıları tərəfindən Hüseyn Cavidin abidəsi önünə tər güllərdən hazırlanmış əklillər qoyulub. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tədbiri giriş sözü ilə açaraq dramaturqun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqda ətraflı məlumat verib. Tədbirdə AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Hüseyn Cavidin keşməkeşli həyat yolu, çoxşaxəli yaradıcılığı, XX əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Cavidsevər, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Cavidlər ailəsi haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra Hüseyn Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi prosesinə rəhbərlik etmiş Həmid Cəfərov Hüseyn Cavidin Vətənə gətirilməsi zamanı üzləşdikləri çətinliklərdən söhbət açıb. Tədbirdə xalq artistləri Mələkxanım Əyyubovanın, Məsum İbrahimovun, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Cavid sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, cavidsevərlər Azad Şükürov Hüseyn Cavidin “İblis” dramındakı İblisin monoloqunu, Məleykə Alıqızı isə ədibin “Görmədim” qəzəlini səsləndiriblər.

Tədbirin sonunda çıxış edən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ilk öncə tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Hüseyn Cavidin Ev Muzeyi hər il onun doğum gününə hədiyyələrlə çıxır. Bu il də Hüseyn Cavidin əziz və istedadlı oğlu Ərtoğrol Cavidin muzeydə qorunan şəxsi arxivində çox böyük milli məsələləri özündə əks etdirən əlyazmaları əsasında hazırlanan və məhz Ərtoğrol Cavidin doğum günündə 22 oktyabrda çapdan çıxan “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin son 3 cildi muzeyin kollektivi tərəfindən mədəniyyətimizə gözəl bir hədiyyədir. O, qeyd edib ki, kitabda çap edilən “Balaman məktəbi” Azərbaycan musiqişünası Saleh Əbdüləlimovun musiqi məktəbləri üçün tərtib etdiyi dərslikdir. Dərslik 1937-ci ildə hazırlansa da, o dövrdə ictimai-siyasi həyatımızın az qala bütün sferalarına nüfuz etmiş erməni şəbəkəsinin “səyi” nəticəsində çap olunmamış və əsərin orjinal nüsxəsi Ərtoğrol Cavidin şəxsi arxivində uzun illər mühafizə edilmişdir. Parlaq istedada və yüksək intellektə malik Ərtoğrol Cavid “Balaman məktəbi”nə rus dilində yazılmış ön sözü dilimizə tərcümə etmiş, dərsliyin tərtibi ilə əlaqəli materialların, o cümlədən iclas protokollarının toplanıb-hazırlanmasında yaxından iştirak etmişdir. Dərsliyin orijinalının qorunaraq günümüzə qədər gəlib çıxması Ərtoğrol Cavidin xidmətidir. Son olaraq G.Babaxanlı onu da qeyd edib ki, Ərtoğrol Cavidin xalqımızın mədəniyyətinin inkişafı sahəsindəki fəaliyyəti “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin əvvəlki cildlərində də öz əksini tapmışdır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: