www.science.az
21.10.2015 08:00

AMEA Ədəbiyyat İnstitutunun “Literaturnaya qazeta” ilə üçüncü birgə buraxılışı çap edilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Rusiyada nəşr edilən “Literaturnaya qazeta” ilə üçüncü birgə buraxılışı çap edilib.

“Literaturnaya qazeta” 1929-cu ildən nəşr olunur və dünyada çox böyük populyarlığı olan ədəbiyyat qəzetidir. AMEA Ədəbiyyat İnstitutu ilə “Literaturnaya qazeta” arasında gerçəkləşdirilən birgə buraxılışlar Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə akademik qurumlarla bu məşhur ədəbiyyat qəzetinin birinci layihəsi kimi mühüm əhəmiyyət kəsb edir.

AMEA Ədəbiyyat İnstitutunun “Literaturnaya qazeta” ilə birinci birgə layihəsi Moskvadakı Azərbaycan ədəbi mühitinə həsr edilib və Rusiyanın paytaxtında yaşayıb-yaradan azərbaycanlı şairlərin əsərlərindən rus dilinə tərcümə edilən şeirlər böyük oxucu auditoriyasına çatdırılıb. “Literaturnaya qazeta”nın və Ədəbiyyat İnstitutunun ikinci müştərək layihəsində Azərbaycan xalq şeiri nümunələrindən seçilmiş poetik örnəklər təqdim olunub. Azərbaycan xalq şeiri nümunələrini rus dilinə Rusiyanın ən tanınmış şairləri tərcümə ediblər. Eyni zamanda, “Literaturnaya qazeta” Azərbaycan ədəbiyyatı nümunələrinin rusdilli oxucular tərəfindən daha aydın şəkildə qavranılması üçün hər iki birgə buraxılışda geniş müşayiətedici məqalə çap edib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin və tanınmış ədəbiyyatşünas, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun dosenti, filiologiya üzrə fəlsəfə doktoru Abuzər Bağırovun müəllifi olduğu məqalələrdə Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələləri və milli özünəməxsusluqları təqdim edilib, poeziya nümunələrinin mahiyyəti açıqlanıb.

“Literaturnaya qazeta”nın Ədəbiyyat İnstitutu ilə növbəti, üçüncü əlavəsində zəngin ənənələrə malik olan Azərbaycan aşıq ədəbiyyatından seçilmiş örnəklər “Müdriklik və sevgi bağçası” adı ilə rusdulli ədəbiyyat məkanına çıxarılıb. Məşhur “Kitabi-Dədə Qorqud” dastanlarının proqram xarakterli müqəddiməsinin görkəmli rus şərqşünası, akademik Vasili Bartoldun tərcüməsində böyük oxucu auditoriyasına çatdırılması Prezident İlham Əliyevin bu qədim abidənin aşkara çıxarılmasının 200 illiyi haqqındakı Sərəncamının icra edilməsi baxımından da aktuallıq kəsb edir. Yeni birgə buraxılışda Azərbaycan aşıq ədəbiyyatının böyük klassikləri Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dəllək Murad, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Bəsti, Molla Cuma, Aşıq Qurban Ağdabanlı, Aşıq Hüseyn Bozalqanlı, Çoban Əfqan, Aşıq Şəmşir, Xəyyat Mirzə və başqalarının qoşmaları və gəraylılarından seçmələrin ən yaxşı tərcümələrinin oxuculara çatdırılması ədəbiyyatımızın bu böyük  qolu haqqında dolğun və ümumiləşmiş təsəvvürlərin yaradılmasına xidmət edir. Bu əlavədə də Azərbaycan aşıq ədəbiyyatının inkişaf yolunun və qüdrətli nümayəndələrinin ölməz irsinin özünəməxsus incəliklərinin asanlıqla, aydın təsəvvür edilməsi üçün müəyyən elmi-informasiya təminatı qəzetdə öz əksini tapıb. Akademik  İsa Həbibbəyli ilə ədəbi əlaqələr üzrə ixtisaslaşmış tanınmış ədəbiyyatşünas Abuzər Bağırovun “Musiqidən yaranmış şedevrlər” adlı məqaləsində milli aşıq ədəbiyyatının çoxəsrlik ənənələri və müasir inkişaf səviyyəsi haqqında geniş və sistemli elmi araşdırmalar diqqətə çatdırılıb. Bundan başqa, “Literaturnaya qazeta”nın Azərbaycan aşıq ədəbiyyatı buraxılışında şeirləri verilmiş xalq sənətkarlarının təvəllüd və vəfatı tarixlərinin qeyd edilməsi inkişaf prosesini həm də mərhələlər üzrə təsəvvür etməyə imkan yaradır.

Ənənəvi olaraq “Literaturnaya qazeta” Ədəbiyyat İnstitutu ilə birgə buraxılışında Azərbaycan rəssamlarının rəsm əsərlərindən illüstrasiyalar da təqdim edir. Üçüncü buraxılışda tanınmış Azərbaycan rəssamı Elçin Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanlarının motivləri əsasında çəkdiyi rəsmlərdən nümunələr Azərbaycan aşıq ədəbiyyatına aid səhifədə yer alıb.

Azərbaycan-Rusiya ədəbi əlaqələrinin yeni və əhəmiyyətli səhifəsi olan “Literaturnaya qazeta”nın Ədəbiyyat İnstitutu ilə birgə buraxılışlarını Abuzər Bağırov hazırlayıb. Ölkələrimiz arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsi sahəsində səmərəli iş aparan Abuzər Bağırovun hazırladığı “Moskvalı Azərbaycan şairləri” adlı antologiya da bu yaxınlarda Moskvada “Xudojestvennaya literaratura” nəşriyyatında çapdan çıxıb. Antologiyada Moskvada yaşayıb-yaratmış 18 Azərbaycan şairinin şeirləri toplanıb.

AMEA Ədəbiyyat İnstitutunun “Literaturnaya qazeta” ilə birgə buraxılışının növbəti saylarında klassik və müasir Azərbayacan poeziyasından rus dilinə tərcümələr oxuculara çatdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir